"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Fil Foden klubla yeni müqavilə imzalayıb. 26 yaşlı yarımmüdafiəçi 2030-cu ilin yayına qədər nəzərdə tutulan 4 illik sözləşməyə qol çəkib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin maliyyə detalları açıqlanmır. Fodenın İngiltərə klubu ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.
Pep Qvardiolanın rəhbərliyi altında 2017-ci ildəki debütündən bəri Fil Foden "Mançester Siti" ilə 20 trofey qazanaraq klub tarixinin ən uğurlu oyunçularından birinə çevrilib.
26 yaşlı ingiltərəli futbolçunun transfer dəyəri hazırda 70 milyon avro qiymətləndirilir. O, geridə qalan mövsümdə "Mançester Siti"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 50 matçda 10 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.












