Tanınmış ingiltərəli hakim Entoni Teylor 47 yaşında hakimlik karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, Teylorun hakim kimi karyerası iki onillikdən çox davam edib və bu müddət ərzində o, 831 matç idarə edib. Referi xüsusilə 2017 və 2020-ci illərdə İngiltərə Kubokunun, 2015-ci ildə Liqa Kubokunun finallarını və 2015-ci ildə İngiltərə Superkuboku oyununu idarə edib.

Teylorun beynəlxalq karyerası 14 il çəkib. O, 2022 və 2026-cı illərin dünya çempionatlarında, AVRO-2020 və AVRO-2024-də, həmçinin 2022 və 2025-ci illərin klublararası dünya çempionatlarında fəaliyyət göstərib. Teylor 2023-cü ildə Avropa Liqasının finalını da idarə edib.

Teylorun karyerasında sonuncu oyun dünya çempionatının 1/16 final mərhələsinin Portuqaliya – İspaniya (0:1) matçı olub. O, karyerası ərzində dünya çempionatlarında ümumilikdə 5 matçda ədaləti qoruyub.

Təcrübəli ədalət təmsilçisi Azərbaycan futbolunun da yaxından tanıdığı simalardan biridir. O, UEFA Avropa Liqasının 2023/24 mövsümünün 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Almaniyada keçirilən "Bayer" – "Qarabağ" (3:2) qarşılaşmasının baş hakimi olub. Teylor həmin gərgin matçın 63-cü dəqiqəsində Ağdam təmsilçisinin müdafiəçisi Elvin Cəfərquliyevə göstərdiyi qırmızı vərəqə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest