FİFA-nın 2030-cu il dünya çempionatında iştirakçı kvotasını artırmaq istəməsinin əsas səbəblərindən biri Çin millisini turnirə cəlb etmək arzusudur.

Matc.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, belə bir təşəbbüsün əsas səbəbi maliyyə aspektləri ilə bağlıdır. Beynəlxalq Futbol Federasiyası əhalisi 1,4 milyard nəfərdən çox olan ölkənin azarkeş bazasından yüksək gəlir əldə edəcəyinə ümid bəsləyir.

Qeyd edək ki, Çin millisi sonuncu dəfə uzaq 2002-ci ildə dünya çempionatında çıxış edib. Həmin vaxt "Qırmızı əjdahalar" hər üç oyunda qol vurmadan məğlub olaraq qrup mərhələsindən kənarda qalıblar.

Asiya seçmə mərhələsinin üçüncü raundunda Branko İvankoviçin yetirmələri turnir cədvəlində 9 xalla beşinci yeri tutaraq mübarizəni dayandırıblar (3 qələbə, 0 heç-heçə və 7 məğlubiyyət).

Yubiley xarakteri daşıyan 2030-cu il dünya çempionatı 100 illiyi fərqli qitələrdə təşkil olunacaq. Oyunlara İspaniya, Mərakeş, Portuqaliya, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək. Ən güclü millini müəyyənləşdirəcək yarışlar 8 iyun - 21 iyul tarixlərində keçiriləcək.

Xatırladaq ki, FİFA prezidenti Canni İnfantino daha əvvəl dünya çempionatında iştirakçı sayının 48 komandaya qədər artırılmasından sonra, növbəti dünya çempionatında kvotanın 64 ölkəyə çatdırılması imkanını nəzərdən keçirdiklərini bəyan etmişdi.

Ötən gün Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes bu ideyanı dəstəkləyərək bildirib ki, növbəti dünya çempionatında 64 komandanın oynaması üçün "gözəl imkan" yaranacaq.

Eyni zamanda, UEFA prezidenti Aleksander Çeferin Beynəlxalq Futbol Federasiyası ilə yaşanan fikir ayrılıqları səbəbindən dünya çempionatının final oyununa qatılmayıb. Sloveniyalı funksionerin narazılığına səbəb olan məqamlardan biri məhz dünya çempionatında milli komandaların sayının artırılması təşəbbüsüdür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest