SüperLiqada ard-arda beşinci çempionluğu hədəfləyən "Qalatasaray" dünya ulduzu Bruno Fernandesin transferi üçün yenidən hərəkətə keçib.
Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" idman nəşri məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar"ın rəhbərliyi uzun müddətdir maraq dairəsində olan portuqaliyalı pleymeykerlə danışıqları davam etdirir və futbolçunun yüksək maaş tələbini qarşılamağa da hazırdır. Mauro İkardinin gedişindən sonra hücum xəttindəki lider boşluğunu doldurmaq istəyən "Qalatasaray" diqqətlini tamamilə Bruno Fernandesə yönəldib.
İstanbul klubunun oyunçunun menecerləri ilə apardığı danışıqlarda mühüm irəliləyişə nail olduğu bildirilir. Rəhbərlik maaş məsələsində lazımi maliyyə planını hazırlayıb və yaxın günlərdə "Mançester Yunayted" ilə transfer məbləğini müzakirə etmək üçün yenidən danışıqlar masasına oturacaq.
Baş məşqçi Okan Buruk da yarımmüdafiədə oyunu idarə edəcək, məhsuldarlığı yüksək olan bir ulduzun gətirilməsini istəyir və onun siyahısında ilk pillədə məhz Bruno Fernandes qərarlaşıb.
Həm oyunqurucu, həm də mərkəz yarımmüdafiəçisi mövqelərində çıxış edə bilən 31 yaşlı portuqaliyalı oyunçu ötən mövsüm Mançester klubunun forması ilə bütün turnirlərdə meydana çıxdığı 37 matçda 9 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.













