Azərbaycan klubları avrokubokların I təsnifat mərhələsində ilk dəfə olaraq 100 faizlik nəticə göstərərək tarixi uğura imza atıblar. Çempionlar Liqasında "Sabah", Avropa Liqasında "Qarabağ" və Konfrans Liqasında "Zirə" keçirdikləri ümumilikdə 6 matçın hamısında qələbə qazanaraq ölkə reytinqinə mühüm xallar qazandırıblar.

Matc.az xəbər verir ki, klublarımızın bu mövsümün startında göstərdiyi möhtəşəm performans sayəsində Azərbaycanın aktivinə bütövlükdə 1.500 xal yazılıb.

Cari mövsümün əvvəlində ölkə əmsalımız 18.562 xal təşkil edirdisə, ardıcıl qələbələrdən sonra bu göstərici 20.062 xala yüksəlib.

Hazırda Azərbaycan bu əmsalla UEFA reytinq cədvəlində 26-cı pillədə qərarlaşıb. Bizdən bir pilləl öndə, yəni 25-ci sırada 20.750 xalla İsrail yer alır ki, onlara çatmaq üçün təmsilçilərimizə daha 0.688 əmsal lazımdır. Ardımızca gələn Bolqarıstan isə 18.562 xalla 27-ci pillədə yer alıb.

Avrokuboklarda həyəcan növbəti mərhələdə daha da artacaq. Konfrans Liqasının II təsnifat mərhələsindən etibarən ölkəmizin dördüncü təmsilçisi "Neftçi" də mübarizəyə qoşulacaq. Bu mərhələnin ilk qarşılaşmaları iyulun 23-də, cavab oyunları isə iyulun 30-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest