Argentina millisinin əfsanəvi sabiq hücumçusu Ernan Krespo Meksikanın "Atlas" klubunun yeni baş məşqçisi olacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər artıq 2 illik müqavilə barədə razılıq əldə ediblər. Yaxın zamanlarda Kresponun təyinatı rəsmi olaraq elan ediləcək.
Kresponun son iş yeri Braziliyanın "San-Paulu" klubu olub və o, cari ilin martında bu postdan uzaqlaşdırılıb. Həmçinin 51 yaşlı argentinalı məşqçilik karyerası ərzində "Modena", "Banfild", "Defensa Xustisiya", "Əl-Duhail" və "Əl-Ayn" klublarında çalışıb.
Ötən mövsüm "Atlas" Meksika müntəzəm çempionatında 6-cı yeri tutub, daha sonra isə pley-off mərhələsinin 1/4 finalında mübarizəni dayandırıb. Krespo karyerası ərzində "River Pleyt", "Parma", "Latsio", "İnter", "Milan" və "Çelsi" kimi klublarda çıxış etmiş tanınmış argentinalı hücumçudur.













