"Bornmut"un ispaniyalı müdafiəçisi Aleks Ximenes "Fiorentina"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə avtomatik aktivləşə bilən satın alma opsiyası ilə 2026/2027 mövsümü üçün nəzərdə tutulan icarə müqaviləsindən gedir.
Ximenes "Bornmut"da 2025-ci ilin yayından bəri çıxış edirdi. Həmin vaxt ingilislər onu "Milan"dan məcburi satın alma şərti ilə 1 illik icarəyə götürmüşdülər. Ümumilikdə 21 yaşlı ispan oyunçu "Bornmut"a 20 milyon avroya başa gəlib.
Cari ilin may ayında "Bornmut" yetkinlik yaşına çatmayanların pozğunluğa cəlb edilməsi şübhəsi ilə Ximenesi komandadan uzaqlaşdırıb və hazırda bu iş üzrə araşdırmalar davam edir.
Ötən mövsüm Ximenes "Bornmut"un heyətində bütün turnirlərdə 32 matça çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Hazırda futbolçunun transfer dəyəri 22 milyon avro qiymətləndirilir.












