Fransa millisinin və Münhen "Bavariya"sının hücumçusu Maykl Olise yay "transfer pəncərəsi"ndə Madrid "Real"ına keçmək istəyini ifadə edib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna özünün sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Bildirilir ki, fransalı oyunçu "Real"ın karyerasını inkişaf etdirmək üçün ideal klub olduğunu düşünür. Madrid təmsilçisi rekord transferə imza atacağına ümid edir.
Bununla belə, "Bavariya"nın mövqeyi dəyişməz olaraq qalır, Almaniya klubu oyunçunu satmaq istəmir. Münhenlilər onunla müqaviləni yeniləmək niyyətindədirlər, lakin eyni zamanda onu potensial olaraq əvəz edə biləcək futbolçularla da əlaqə saxlayıblar. Futbolçu bu məsələni dünya çempionatından sonra rəhbərliklə müzakirə etməyi planlaşdırır.
Ötən mövsüm hücumçu bütün turnirlərdə 52 matçda iştirak edib, 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. Olisenin hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 150 milyon avro təşkil edir.













