UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə TNS-i (Uels) hər iki oyunda məğlub edən "Sabah" Azərbaycanın UEFA reytinqi xallarını artırıb.

Matc.az xəbər verir ki, Azərbaycan çempionunun səfərdə qazandığı 2:1 hesablı qələbə sayəsində ölkəmizin aktivinə növbəti 0,250 əmsal yazılıb.

Bu nəticədən sonra cari mövsümdə toplanan əmsal 1,000-ə yüksəlib. Hazırda Azərbaycan ümumilikdə 19,562 xalla reytinq cədvəlinin 26-cı sırasındakı mövqeyini qoruyur. Sıralamada 25-ci pillədə 20,750 xalla İsrail qərarlaşdığı halda, ölkəmizin ən yaxın izləyicisi olan Bolqarıstan 18,312 xalla 27-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə avrokuboklarda mübarizə aparan digər klublarımız da ümumi xal ehtiyatının artırılmasına töhfə veriblər. Konfrans Liqasında çıxış edən "Zirə" Gürcüstanın "Torpedo" (Kutaisi) klubu üzərində qazandığı qələbə ilə ölkə reytinqinə 0,250 xal qazandırıb. Çempionlar Liqasındakı digər təmsilçimiz "Qarabağ" da rəqibini məğlub edərək aktivimizə eyni miqdarda – 0,250 əmsal əlavə etməyi bacarıb.

Beləliklə, təmsilçilərimizin ilkin mərhələlərdə göstərdiyi uğurlu performans sayəsində Azərbaycan cari mövsüm avrokuboklarda ən çox əmsal toplayan ölkələrdən birinə çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest