Beynəlxalq Olimpiya Komitəsinə (BOK) FİFA prezidenti Canni İnfantinonun ABŞ prezidenti Donald Trampla münasibətlərində siyasi neytrallıq qaydalarını pozduğuna dair şikayət daxil olub.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" nəşri məlumat yayıb.
Bildirilir ki, "FairSquare" qeyri-kommersiya hüquq-mühafizə təşkilatı 2020-ci ildə BOK-un üzvü olan İnfantinonun Olimpiya Xartiyasını və qurumun etika kodeksini dəfələrlə pozduğunu bəyan edib. Sonuncu qayda pozuntusunun Folarin Baloqonun işinə baxılarkən qeydə alındığı iddia edilir:
"Canni İnfantino ABŞ prezidenti Donald Trampa siyasi dəstək nümayiş etdirərək BOK-un siyasi neytrallıq qaydalarını dəfələrlə pozub".
Xatırladaq ki, FİFA-nın İntizam Komitəsi ABŞ millisinin hücumçusunun diskvalifikasiyasını dayandırıb və bu, ona DÇ-2026-nın 1/8 finalında Belçika ilə matçda oynamaq imkanı verib. FİFA-nın bu qərarı təşkilat rəhbəri Canni İnfantinoya Ağ Evdən gələn zəngdən sonra qəbul etdiyi bildirilirdi. ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı İnfantinoya zəng etdiyini və diskvalifikasiya qərarına yenidən baxılmasını xahiş etdiyini təsdiqləyib.
BOK FİFA kimi idman təşkilatlarının fundamental prinsipləri arasında neytrallığa istinad edir və İnfantino üzərində yurisdiksiyaya malikdir, çünki o, 2020-ci ildə qurumun 100-dən çox seçilmiş üzvdən ibarət eksklüziv qrupuna qoşulub.
BOK-un Etika Komissiyasına təqdim olunan şikayətdə siyasi neytrallıq beş qaydasının açıq şəkildə pozulması iddia edilir, həmçinin Baloqonun işi də daxil olmaqla daha iki ciddi pozuntunun sübutlarının ola biləcəyi vurğulanır.
İddia edilən pozuntulardan biri İnfantinonun DÇ-2026-ya həsr olunmuş FİFA-nın fan-saytını təbliğ etməsi ilə bağlıdır ki, bu da hüquq-mühafizə təşkilatının fikrincə, Trampla bağlı strukturlar tərəfindən həyata keçirilən məlumat toplama kampaniyasının bir hissəsi olub.













