İngiltərə millisinin kapitanı və mərkəz hücumçusu Harri Keyn komandasının 2026-cı il dünya çempionatının qrup mərhələsində Xorvatiya üzərində 4:2 hesablı qələbə qazandığı matçın ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu oyuna start heyətində başlayıb və tam 90 dəqiqə meydanda olub.
O, iki qol vurub, qapıya yeddi zərbə endirib (üçü dəqiq olub), bir dəfə qayda pozuntusuna uğrayıb və iki əsas ötürmə edib. Hücumçu doqquz dueldən dördündə qalib gəlib (bunlardan ikisi havada olub) və bir dəfə uğurlu topalma ilə yadda qalıb. Onun ötürmə dəqiqliyi 67 faiz təşkil edib.
İngiltərə növbəti turda, iyunun 23-də Qana ilə qarşılaşacaq. Xorvatiya isə iyunun 24-də Panama ilə oynayacaq.
Qeyd edək ki, qrup mərhələsi 11-27 iyun tarixlərində keçirilir. Komandalar bir-biri ilə dairəvi sistemdə (hər biri üç oyun) mübarizə aparırlar. Hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan səkkiz ən yaxşı kollektiv pley-offa vəsiqə qazanacaq.













