İngiltərə milli komandasının və "Nyukasl"ın sağ cinah müdafiəçisi Tino Livramento zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" nəşri yayıb.
23 yaşlı müdafiəçiyə baldır zədəsi diaqnozu qoyulub. Müalicə və bərpa prosesi üçün klubunun məşq mərkəzinə qayıdan Livramentonun yerinə İngiltərə yığmasının heyətinə "Çelsi"nin mərkəz müdafiəçisi Trevo Çalobah dəvət olunub.
FİFA qaydalarına əsasən, milli komandalar dünya çempionatı zamanı yalnız ilk oyunlarına 24 saat qalmışa qədər zədəli oyunçunu digəri ilə əvəz edə bilərlər. Bu dəyişiklik üçün yeni futbolçunun adı mütləq 55 nəfərlik genişləndirilmiş heyətdə yer almalıdır. Qeyd edək ki, Livramento geridə qalan mövsümdə diz və bud əzələsindən aldığı zədələr səbəbindən bir çox matçı buraxmalı olmuşdu.
Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə millisi dünya çempionatında L qrupunda mübarizə aparacaq. Komanda turnirdəki ilk oyununu iyunun 17-də Xorvatiyaya qarşı keçirəcək.
Xatırladaq ki, ötən gün İngiltərə yığmasının üzvləri Kanzas-Sitidə baş verən tornado xəbərdarlığına görə sığınacağa yerləşməli olmuşdular.













