"Qarabağ" klubu braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun rəsmi işlərini idarə edən "Dunkirk Sports" menecerlik agentliyi məlumat yayıb.

Sözügedən agentlik sosial şəbəkə hesablarında bu sözləri qeyd edib: "Yarımmüdafiəçi Pedro Bikalyonun "Qarabağ"la müqaviləsini yenilədik. Komandanın ən vacib oyunçularından biri olan Bikalyo, xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. Bu yeni mərhələdə sizə uğurlar!"

"Transfermarkt" portalının son yenilənmiş məlumatına görə, tərəflər arasında yeni sözləşmənin müddəti 30 iyun 2029-cu ilə qədər (əlavə 1 il uzadılma opsiyası ilə) nəzərdə tutulub.

Xatırladaq ki, Pedro Bikalyo ötən ilin yayında qoşulduğu "Qarabağ"ın heyətində indiyədək meydana çıxdığı 50 rəsmi matçda 1 qol vurmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest