İngiltərə futbolunun əfsanəvi simalarından biri, "Çelsi" klubunun tarixinin ən yaxşı hücumçularından olan Bobbi Tamblinq 84 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə məlumat əfsanəvi futbolçunun əvvəllər baş məşqçilik etdiyi İrlandiyanın "Krosshaven" klubunun mətbuat xidməti tərəfindən paylaşılıb.

Son illərdə demensiya xəstəliyindən əziyyət çəkən Tamblinqin ölümünə ümumi sağlamlıq problemlərinin kəskinləşməsi səbəb olub.

Qeyd edək ki, Bobbi Tamblinq Londonun "Çelsi" klubunun tarixində ən çox qol vuran ikinci futbolçudur. O, 1959-1970-ci illər ərzində "mavilər"in heyətində 370 rəsmi oyuna çıxaraq 202 qola imza atıb. London klubunun tarixində bu rekordu yalnız 2013-cü ildə Frank Lempard yeniləyə bilib.

Bununla yanaşı, Tamblinq hələ də "Çelsi"nin heyətində bir çempionat matçında ən çox qol vuran futbolçu rekordunu özündə saxlayır. O, 1966-cı ildə "Aston Villa"ya qarşı keçirilən görüşdə penta-trik edərək (5 qol) tarixə düşüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest