Yığmamız qitə birinciliyinin iddialı komandalarından olan Çexiya seçməsi üzərində 5:2 hesablı möhtəşəm və parlaq qələbə qazanıb.

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında tarixi uğura imza atan Azərbaycanın minifutbol milli komandası 1/4 final mərhələsindəki oyununu keçirib.

Matc.az xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi yığmamız qitə birinciliyinin iddialı komandalarından olan Çexiya seçməsi ilə qarşılaşıb.

"Tipos Arena"da baş tutan gərgin və dramatik qarşılaşma Azərbaycan millisinin 5:2 hesablı möhtəşəm və parlaq qələbəsi ilə başa çatıb. Millimizin heyətində Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov fərqləniblər.

Bu qələbə sayəsində adını turnirin ən güclü 4 komandası sırasına yazdıran yığmamız yarımfinal mərhələsində Serbiya millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, çempionatda məğlubiyyətsiz irəliləyən millimiz 1/8 final mərhələsində Qazaxıstan yığmasını 3:2 hesabı ilə mübarizədən kənarlaşdırıb. Komandamız turnirin F qrupunda da yüzfaizli nəticə göstərərək Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək qrup lideri kimi pley-offa yüksəlmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest