"Real"ın qapıçısı Tibo Kurtua rəsmi olaraq "Genk" klubunun minoritar (kiçik paya sahib) investoru olub.
Matc.az xəbər verir ki, investisiya belçikalı futbolçunun həmtəsisçisi olduğu "NXTPLAY" platforması vasitəsilə yatırılıb.
Yeni investorun cəlb edilməsi barədə qərar klubun ümumi yığıncağında təsdiqlənib. Bu, 2026-cı ilin əvvəlində idarəetmə strukturunun genişmiqyaslı yenidən qurulmasından və ayrıca futbol şirkətinin yaradılmasından sonra "Genk"in ilk xarici səhmdarıdır.
Mərkəzi Madrid şəhərində yerləşən "NXTPLAY" idman, media və texnologiya layihələrinə investisiya yatırmaqla məşğul olur. Şirkət artıq Fransanın "Le Man" və İspaniyanın "Estremadura" klublarında pay sahibidir, "Genk" isə onun əsas futbol aktivi olacaq.
Klub yeni investisiya proqramının yaxın illərdə 60 milyon avroyadək vəsait cəlb etməyə kömək edəcəyini gözləyir. Maliyyə dəstəyi ilə yanaşı, "NXTPLAY" direktorlar şurasında yer alacaq və Belçika klubunun strateji inkişafında iştirak edəcək.
Xatırladaq ki, Kurtua "Genk"in yetirməsidir. O, 2008-2011-ci illərdə klubun əsas komandasında çıxış etdikdən sonra uğurlu beynəlxalq karyerasına başlayıb.











_1780395242.jpg)

