"Liverpul" klubun rəsmi saytında mərkəz müdafiəçisi İbrahima Konate ilə yolların ayrıldığını bəyan edib.
Matc.az xəbər verir ki, tərəflər arasında uzun müddətdir davam edən yeni müqavilə danışıqları uğursuzluqla nəticələnib.
Maaş şərtlərində ortaq məxrəcə gələ bilməyən 27 yaşlı fransız futbolçu, iyunun sonunda başa çatacaq sözləşməsindən sonra "Enfild"dəki 5 illik karyerasına nöqtə qoyacaq.
Konate 2021-ci ilin yayında "Leypsiq"dən transfer olunduqdan sonra "qırmızılar"ın heyətində 183 oyuna çıxıb və 7 qol vurub. Təcrübəli müdafiəçi bu müddət ərzində komanda ilə birlikdə 2024/25 mövsümünün Premyer Liqa çempionluq medalını, həmçinin FA Kubokunu, iki dəfə Liqa Kubokunu və İngiltərə Superkubokunu qazanıb.
Hazırda Fransa millisi ilə dünya çempionatına hazırlaşan ulduz oyunçunun növbəti dayanacağının PSJ) olacağı iddia edilir.













