"Real" klubunun prezidenti Florentino Peres İspaniya mətbuatına geniş müsahibəsində portuqaliyalı baş məşqçi Joze Mourinyonun Madrid klubuna mümkün qayıdışı barədə danışıb.

Matc.az xəbər verir ki, Peres "El Pais" nəşrinə verdiyi açıqlamada təcrübəli mütəxəssislə hər hansı bir əlaqə saxlamadığını vurğulayıb.

Jurnalistin suallarını cavablandıran klub rəhbəri portuqaliyalı çalışdırıcının "Real"ın tarixindəki rolunu yüksək qiymətləndirib:

- Mourinyo komandaya nə gətirə bilər?
- O, əla məşqçidir. Mən onu yaxşı tanıyıram, o da "Real"ı və oyunçuları tanıyır, amma siyahıda başqa adlar da var.

- Siz həmişə onun ən sevdiyiniz məşqçilərdən biri olduğunu demisiniz.
- Onun rəhbərliyi ilə Çempionlar Liqasının yarımfinalına 3 dəfə çıxdıq, amma müxtəlif səbəblərdən finala vəsiqə qazana bilmədik. Lakin bu dövr bizə inanılmaz rəqabət hissi qazandırdı. O vaxtdan bəri, digər yaxşı məşqçilərlə birlikdə son 10 ildə 6 dəfə Çempionlar Liqasını qazandıq. Amma təkrar edirəm, mən Mourinyo ilə danışmamışam.

Xatırladaq ki, daha əvvəl Avropa idman mətbuatında Joze Mourinyonun "Real"a dönüşünün klubda 7 iyun tarixində keçiriləcək prezident seçkilərindən dərhal sonra rəsmən elan ediləcəyi iddia olunurdu. "Xüsusi biri" ləqəbli məşqçi 2010-2013-cü illər arasında Madrid təmsilçisini idarə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest