"Real"ın yarımmüdafiəçisi Dani Seballos karyerasını yetirməsi olduğu "Betis" klubunda davam etdirmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın tanınmış ABC nəşri yayıb.
"Betis" rəhbərliyi 29 yaşlı futbolçunun geri dönmək istəyindən xəbərdardır. Lakin Sevilya təmsilçisi maliyyə vəziyyətini tənzimləmək və bu transferi reallaşdırmaq üçün ilk növbədə heyətindəki bir neçə oyunçunu satmalıdır.
Madrid klubunun Seballos üçün 15 milyon avro təzminat tələb edəcəyi gözlənilir. Bu, Fransa "Marsel"inin yarımmüdafiəçi üçün təklif etdiyi məbləğdir. Lakin futbolçu özü Fransaya köçməkdən qəti şəkildə imtina edib. Digər tərəfdən, Seballos doğma komandasına qayıtmaq xatirinə hazırkı maaşının əhəmiyyətli dərəcədə azaldılmasına da razıdır.
"Real"ın baş məşqçisi Alvaro Arbeloa ilə münasibətləri pisləşən və cari mövsümün sonunda onunla münaqişə yaşayan ispaniyalı oyunçunun "Kral klubu" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, "Betis" gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq ki, bu da Seballosun seçimində böyük rol oynayır.


_1780155699.jpg)










