"Bu klubda olduğum üçün çox minnətdaram, dəstəyinə görə hər kəsə təşəkkür edirəm. 100 xal toplamağa çalışacağıq. Bu, növbəti hədəfimizdir".
"Barselona" İspaniya La Liqasının XXXV turunda doğma meydanda "Real"ı 2:0 hesabı ilə məğlub edərək İspaniya çempionu olub.
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi matçdan sonra təəssüratlarını bölüşüb. Almaniyalı mütəxəssisin fikirlərini dəqqitinizə çatdırırıq:
"Doğru yerdə və doğru zamanda olduğumu hiss edirəm. Bu stadion möhtəşəmdir, inanılmazdır. Atmosfer, azarkeşlər... Bütün bunlar bizim üçün böyük motivasiya idi. Bu klubda olduğum üçün çox minnətdaram, dəstəyinə görə hər kəsə təşəkkür edirəm. 100 xal toplamağa çalışacağıq. Bu, növbəti hədəfimizdir. Həmişə dediyim kimi, ikinci il birinci ildən daha çətin olur. Bəlkə də keçən mövsümdəki qədər çox qol vurmuruq, lakin bu mövsümün sonunda müdafiədə daha yaxşıyıq. Komandanın əldə etdiyi tərəqqini görməkdən məmnunam.
Bizim heyrətamiz gənc oyunçularımız və La Masia yetirmələrindən ibarət möhtəşəm komandamız var. Komandama bildirdim ki, bu heyət indiyə qədər bir araya gətirdiyim ən yaxşı heyətdir. Əlimdə çox sayda inanılmaz seçimlər var. Start heyəti üçün 11 oyunçu seçmək dözülməz idi. Sadəcə ehtiyat oyunçular skamyamıza baxın. "Barselona"da baş məşqçi olmaq çətindir. Burada həqiqətən hər şeyi idarə etməlisən. Hamı oynamaq istəyir və bu da təbiidir. Mən də vaxtilə oyunçu olmuşam. Hər matçda çıxış etmək istəyirdim. Bir məşqçi kimi bütün bu prosesləri tənzimləməlisən. Bu, həqiqətən mürəkkəbdir. Sonda hər şey mentalitetdən asılıdır.
Sizə bir hekayə danışacağam. Bu, adi bir məsələ deyil, ciddidir. Səhər anam zəng edib atamın vəfat etdiyini dedi. Çox ağır gündür. Sonra bunu komandaya deyib-deməmək barədə düşündüm. Amma onlar mənim üçün ailə kimidirlər, ona görə də onlara söylədim. Bundan sonra onların nə etdiklərini heç vaxt unutmayacağam. Bu, inanılmaz idi. Hər kəslə fəxr edirəm və çox xoşbəxtəm. Hər bir oyunçu ilə, hər bir personal üzvü ilə, klubdakı hər kəslə. Bu, mənim üçün əsl ailədir.
"Barselona"da işləməyə davam etmək istəyirəm. Bu möhtəşəm klubu yeni səviyyəyə qaldırmaq üçün hər şeyi edəcəyik. Böyük klubda titullar qazanmasanız, mövsüm uğursuz sayılacaq. Əlbəttə, mən "Barselona" ilə hər şeyi qazanmağı xəyal edirdim. Növbəti mövsüm bunu reallığa çevirə bilərik, buna can atmalıyıq. Eyni qalib mentaliteti və ruh yüksəkliyi ilə davam edəcəyik".













