Tovuz 32 ildən sonra yenidən Avropada olacaq.
Ehtiram Quliyev son üç ildə “Turan Tovuz”, ümumilikdə Tovuz futbolu üçün çəkdiyi böyük əziyyətin, xərclədiyi pulun, nəhayət, bəhrəsini gördü. Bəli, Tovuz 32 ildən sonra yenidən Avropada olacaq. Berdıyevin komandası bu gün evdə “Karvan-Yevlax”ı məğlub etməklə 32 il əvvəlki nəticəsini təkrarladı. Amma Tovuz futbolu üçün bu qədər böyük fədakarlıqlar edən Ehtiram bəy çiynini daha bir yükün altına verməlidi. Hansı yükün? Niyə?
Açığı, Tovuzun, tovuzluların xoş günündə bu mövzuda yazmaq adama o qədər də zövq vermir. Ancaq tarix də düz yazılmalıdı ki, Azərbaycan futboluna könül verənlər, yeni nəsillər illər sonra hörümçək toruna bənzəyən statistika labirintində ilişib-qalmasınlar. Deməli, PFL rəsmi saytında “Turan Tovuz”un 3-cü yeri tutmasını ictimaiyyətə belə təqdim edib: 21-ci mükafatçı, Avropada 23-cü təmsilçi. Təbii ki, mən PFL-də çalışanların iş bacarıqlarına əminəm. Onlar, sadəcə, formal məntiqin qayda-qanunlarına əməl ediblər: yəni bu gün 3-cü yeri tutacağı qətiləşən “Turan Tovuz”u 1994-cü ildə çempion olub, ölkəmizi ilk dəfə Avropada təmsil edən, 1992 və 1993-cü illərdə gümüş, 1995-ci ildə bürünc medal qazanan “Turan”ın varisi kimi qəbul etmirlər. Yalnız və yalnız ad fərqinə görə. Halbuki bunu yenicə dil açan körpə də yaxşı bilir ki, “Turan Tovuz” nə 21-ci mükafatçıdı, nə də Azərbaycanın Avropadakı 23-cü təmsilçisi. O “Turan”ın uğurları bu “Turan Tovuz”undu, bu “Turan Tovuz”un uğuru da o “Turan”ın!
Bu əcaib addəyişmənin kökü 2014-ün oktyabrına gedib çıxır. Bildiyimə görə, klubun sabiq prezidenti, hətta Beynəlxalq Banka yüzmilyonlarla manat “atmaq” dərəcəsində cəsarət sahibi olan, sonra ölkədən qaçdığı deyilən Musa Süleymanovun futbolçu-məşqçi heyətinə yığılıb-qalan borcunun altından çıxmaq üçün addəyişmədən başqa yol olmayıb. Onu da bilirəm ki, Ehtiram bəy artıq uzun müddətdi klubun köhnə adına qovuşması üçün əlindən gələni edir. İndi artıq pul problemi yox, hansısa bürokratik əngəllər qalıb ki, onları da ən qısa müddətdə və ya avrokubokların püşkatmasına qədər həll etmək olar.
...Bax, Ehtiram bəyi daha bir böyük missiyanın gözlədiyini deyəndə elə bunu nəzərdə tuturdum. Bu məsələ bir an öncə həll olunmalıdı. Yoxsa... Vallah, indiki mənzərə kənardan çox gülməli, hətta deyərdim ki, bayağı görünür. Bu konserti bitirmək lazımdı!













