Peşəkar Futbol Liqası ilk Azərbaycan Kubokunun qalibi “İnşaatçı” (Bakı) komandasının baş məşqçisi olmuş Məmmədəli Məmmədovla müsahibə hazırlayıb.

Matc.az xəbər verir ki, o, final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:

“1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik”.

M. Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:
“Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq.
¼ finalda rəqibimiz “Neftçi” komandası idi. Futbolçularıma demişdim ki, “Neftçi” komandasını keçəcəyiksə, deməli, kuboku özümüz qazanacağıq. 2:1 hesabla qalib gələrək yarımfinala vəsiqə qazandıq. Burada rəqibimiz “Neftçi” ilə bərabər gücə sahib olan “Xəzər” (Sumqayıt) komandası idi. Oyunsonrası penaltilər seriyasında qalib olduq və finala çıxdıq. Finalda “Kür” (Mingəçevir) komandasını məğlub edərək şərəfli tarix yazdıq”.
“1992-ci il həm də ölkədə müharibə vəziyyəti idi. Komandalar bir-birinə anlayışla yanaşırdılar və kömək edirdilər. Kuboku qazandıqdan bir müddət sonra Tovuza oyuna getmişdik. Bizi təntənəli şəkildə, gül dəstələri ilə qarşıladılar. Unudulmaz hisslər idi. Bəzi oyunçularımızı itirdiyimizə görə məyus idik. Ancaq adımızı tarixə yazdırdığımıza görə mövsüm yaddaqalan alındı”.
“Hər il kubokun finalı keçiriləndə şərhçilər “İnşaatçı” komandasının adını çəkəndə kövrək hiss edirəm. O komanda indi mövcud olmasa da, qəlbimizdə hələ də yaşayır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest