UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə Bakı şəhəri 242 nömrəli tam orta məktəbdə “Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində maarifləndirici seminar təşkil olunub.

Matc.az xəbər verir ki, seminar layihənin mentoru, eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarova tərəfindən keçirilib.

Tədbirin təşkilində məqsəd futbol mühitində uşaqların hüquqlarının qorunması, təhlükəsiz və inklüziv idman mühitinin təşviqi, şagirdlər arasında hüquqi məlumatlılığın artırılması, həmçinin zorakılıq və ayrı-seçkilik hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasıdır.

Seminar zamanı iştirakçılara uşaq hüquqlarının əsas prinsipləri, futbolda təhlükəsiz davranış qaydaları, qarşılıqlı hörmət və komanda etikası barədə ətraflı məlumat verilib. Tədbir interaktiv formada təşkil olunaraq şagirdlərin aktiv iştirakı təmin edilib, situasiyalı tapşırıqlar və müzakirələr vasitəsilə mövzu daha dərindən izah olunub.

Layihə çərçivəsində keçirilən seminarlar uşaqların həm idman mühitində, həm də gündəlik həyatlarında öz hüquqlarını tanımasına və qorumasına dəstək verir. Bu təşəbbüs məktəblərdə təhlükəsiz mühitin formalaşdırılmasına və gənclərin sağlam inkişafına mühüm töhfə verir.

“Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində maarifləndirici seminarların digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest