“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünyanın ən məşhur idman nəşrlərindən biri olan “Kicker” (Almaniya) jurnalına müsahibə verib.

Matc.az həmin müsahibəni diqqətinizə çatdırır:

- 2010-cu ildə Dortmund “Borussiya”sına 0:4 hesabı ilə uduzan “Qarabağ” artıq 2024-cü ildə "Bayer Leverkuzen"ə qarşı 2:2-lik nəticə əldə etdi. Bu müddət ərzində nə dəyişdi?

- O vaxt bizim avrokuboklarda ilk illərimiz idi, "Borussiya" isə özünün ən güclü dövrlərindən birini yaşayırdı - sonradan Almaniya çempionu da oldular. Klopp yüksək sürətlə oynayan çox maraqlı komanda formalaşdırmışdı.

"Bayer"ə qarşı isə biz artıq daha təcrübəli idik, lakin qrup mərhələsində onlara 1:5 hesabı ilə uduzduq və keyfiyyət fərqi aydın görünürdü. Amma onlarla yenidən qarşılaşdıqda, rəqibi daha yaxşı analiz etdik, səhvləri düzəltdik, daha özünəinamlı və diqqətli olduq. Yenə qalib gələ bilməsək də, bu oyunlar bizə böyük təcrübə və öz gücümüzə inam qazandırdı.

- İndi "Ayntraxt Frankfurt"a qarşı oynayacaqsınız. Gözləntiləriniz nədir?

- Dərk edirik ki, onlar bütün cəhətlərdə bizdən üstündürlər. Hazırda əsas məqsədimiz bütün oyunçuların sağlam olmasıdır ki, heyətdə rotasiyalar üçün daha çox seçimimiz olsun. Bakıda oynamağımızın üstünlüyündən də mümkün qədər yararlanmaq istəyirik. Avrokuboklardakı qələbələrimizdən sonra rəqiblər artıq bizi daha ciddi qəbul edirlər. Əminəm ki, "Ayntraxt" bizə qarşı çox ciddi hazırlaşacaq. Bu qarşılaşmada xallar hər iki komanda üçün vacibdir və azarkeşlərimizə baxımlı oyun nümayiş etdirmək üçün sona qədər mübarizə aparacağıq.

- 2013-cü ildə "Ayntraxt"a qarşı keçirdiyiniz oyunları xatırlayırsınızmı?

- Bakıda 0:2 hesabı ilə uduzmuşduq. Frankfurtda isə vurduğumuz bərabərlik qolu rəqib azarkeşləri arasında həyəcana səbəb olmuşdu. Sonda 1:2 hesabı ilə uduzsaq da, yaratdığımız qol epizodları ilə onlara çətin anlar yaşatmışdıq.

- Komandanız yeddi xalla 22-ci yerdədir. Pley-off mərhələsinə yüksəlmək şanslarınızı necə qiymətləndirirsiniz?

- Real yanaşsaq, qalan iki oyundan birində qazanacağımız qələbə ilə də ilk 24 komanda arasında yerimizi təmin edə bilərik. Lakin bu, təkcə bizim çıxışımızdan deyil, həm də rəqiblərin nəticələrindən asılıdır. Buna görə də, qalan oyunların hər birində hətta bir xal belə bizim üçün həlledici ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest