Braziliya millisinin sabiq üzvü Fernandinyo peşəkar karyerasını başa vurub.

Matc.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi ölkəsində keçirilən bir xeyriyyə matçından sonra qərarını açıqlayıb. Yanvar ayında "Atletiko Paranaense"dən ayrıldıqdan sonra klubsuz qalan təcrübəli oyunçu futbolla vidalaşdığını bildirib:

"Artıq yorulmuşam. Bu gün cəmi 30 dəqiqə qaçandan sonra yorulduğumu hiss etdim. Futbolda məni motivasiya edə biləcək heç nə qalmayıb. Bu oyunda nail ola biləcəyim hər şeyə nail olmuşam, ala biləcəyim hər şeyi almışam. İndi isə ailəmlə həyatdan zövq almağın vaxtıdır”.

Qeyd edək ki, Fernandinyo karyerası ərzində "Atletiko Paranaense", "Şaxtyor" və "Mançester Siti"də çıxış edib. O, Braziliya yığmasının heyətində keçirdiyi 53 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest