Hakimlərin köməyi olmadan oynayan “Araz-Naxçıvan”ın aqibəti fərqli ola bilməzdi. AFFA hakimlərlə bağlı qalmaqallardan sonra nəzarəti gücləndirincə, fit sahiblərinin muxtar respublika təmsilçisinə yardımını əngəlləyincə dünənki nəticə ortaya çıxdı.
Misli Premyer Lqasında 10-cu turun mərkəzi görüşü bolqollu alındı. Sumqayıtda üstünlük növbə ilə bir komandadan o birinə keçdi, yekunda qələbən ən çox layiq olan qazandı.
Hakimlərin köməyi olmadan oynayan “Araz-Naxçıvan”ın aqibəti fərqli ola bilməzdi. AFFA hakimlərlə bağlı qalmaqallardan sonra nəzarəti gücləndirincə, fit sahiblərinin muxtar respublika təmsilçisinə yardımını əngəlləyincə dünənki nəticə ortaya çıxdı. Elmar Baxşıyevin yetirmələri mövsümün əvvəlindən öz gücünə oynasaydı, indi liderlər qrupunda olmazdı.
Matça yaxşı hazırlaşan “Sumqayıt”, qol buraxdığı dəqiqələr istisna olmaqla, bütün oyunu daha üstün keçirdi. Qonaqlar nisbi təşəbbüsü ələ aldığı dəqiqələrdə iki dəfə fərqlənməyi bacardı. Amma bundan artığını edə bilmədilər. Meydan sahibləri hesabı açdıqdan sonra fərqi artıra bilməyib ardınca məğlub duruma düşsə də, xarakter göstərdilər. Naxçıvanlıları ardıcıl səhvlərə məcbur edən Saşa İliçin yetirmələri bunun bəhrəsini gördü.
İndi “Sumqayıt” dünənki rəqibinə yuxarıdan aşağı baxır. Bu nəticə “kimyaçılar”ı avrokuboklara vəsiqə uğrunda mübarizədən qopmağa qoymadı, əvəzində naxçıvanlılar ciddi zərbə aldı. AFFA hakimlərə nəzarətə davam etsə, “Araz-Naxçıvan” haqsız dəstəkdən məhrum olsa, belə büdrəmələr hələ çox olacaq.
“Turan Tovuz” doğma rayona qayıdışı qələbə ilə qeyd etdi. “Şamaxı”nı məğlub edən qərblilər yenidən zirvəyə qalxmağı bacardı. Kurban Berdıyevin yetirmələri də əzmkar oyunla buna nail oldu. Artıq neçənci dəfədir komanda qol buraxan kimi bunun cavabını verir. Dünən də belə oldu və fasiləyədək hesab bərabərləşməsəydi, qonaqlar bəlkə də evə xalla qayıtmağı bacaracaqdı.
“Şamaxı”nın “Qarabağ” bərabərliyindən sonra növbəti sürprizə gücü çatmadı. Ehtiyat qüvvənin yetərsizliyi növbəti dəfə özünü göstərdi. Daha keyfiyyətli heyətə malik olan qərblilər qələbə hesabını qorumaqda çətinlik çəkmədi və ehtiyatda bir oyunu olan “Qarabağ”dan önə keçdi.
“Turan Tovuz”un oyunlarını keçirdiyi Bakıdan ayrılaraq evə qayıtması sevindiricidr. Oyunu 5800 azarkeş canlı izləyirdi ki, bu da digər matçların toplamından daha yüksək göstəricidir. Futbolun sevildiyi bölgədə dolu tribunalar önündə oynamağın zövqü başqadır. Lakin qərblilər dönüşə sanki bir qədər tələsib. Süni qazonun öt örtüklə əvəzlənməsi prosesi yekunlaşsa da, matçın gedişində meydanın hələ tam hazır olmadığı aydınlaşdı. Ot kökünün bərliməməsi üzündən qazon çox bərbad hala düşdü.
Digər mənfi məqam oyunun yayımı ilə bağlıdır. Stadionda kameraların yerləşdiyi nöqtələr normal yayıma imkan vermir. Birtərəfli çəkiliş zamanı operatorlar Günəşlə “güləşməli olur”, ekranda çox pis görüntü yaranır. Bu problem də həllini tapsa, yaxşı olar.
Tura bu gün yekun vurulacaq. “Sabah” “Qəbələ”ni məğlub etməklə “Araz-Naxçıvan”ı 6-cı pilləyə tullaya bilər. Amma autsayderlər qrupundan uzaqlaşmaq istəyən qonaqların da xallara ehtyacı var. Əcnəbi məşqçilərin dueli maraqlı alınmalıdır (futbolinfo.az).












_1762169931.jpg)