"Zirə" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Hayduk"un qonağı olacaq.
Komanda ilə birlikdə Xorvatiyaya gedən "CBC Sport" kanalının əməkdaşı, oyunun şərhçisi Pərviz Musayev Matc.az saytına açıqlama verib. Həmkarımız orada gördükləeei barədə məlumat verib. Onun sözlərinə görə, "Zirə"nin məskunlaşdığı otelin ətrafında güclü polis nəzarəti var:
"Ayın 29-dan "Zirə" ilə birlikdə Xorvatiyadayıq. Komanda Splitə 8 km məsafədə olan Solin şəhərində məskunlaşıb. Kiçik şəhərdir. Buradan matçın keçiriləcəyi stadiona 10 dəqiqəlik yoldur. Xorvatiyalı azarkeşlərin necə çılğın olduqlarını bilirik. Onlar həm meydanda, həm də meydandan kənarda rəqibə təzyiq göstərməkləri ilə məşhurdur. Polis əməkdaşları "Zirə"nin qaldığı otelin ətrafında növbə çəkir. "Hayduk" azarkeşləri komandanın qaldığı otelin yanında səs-küy sala, narahatlıq yarada bilərlər. Futbolçular istirahət vaxtlarında çölə çıxıb gəzirlər. Xoşagəlməz halların qarşısını almaq üçün ərazidə polis əməkdaşları yerləşdirilib. Təhlükəsizlik baxımından bu, çox önəmlidir. Amma "Zirə"nin futbolçularında bununla bağlı hər hansı psixoloji gərginlik yoxdur. Hamı rahatdır, əhval-ruhiyyə yaxşıdır. Bakıdakı ilk oyun komandaya ümid verir".
Pərviz Musayev komandaların heyətində olan itkilər barədə də məlumat verib. O, bildirib ki, hər iki komanda matça itki ilə çıxacaq:
"Zirə"də itkilər var. Brahim Konate ilk matçda zədələnib. Anje Mutsinzi viza məsələsinə Xorvatiyaya gedə bilməyib. "Hayduk"un heyətində də itki var. Bakıdakı görüşdə 90 dəqiqə meydanda olan Marino Skelin komandasına kömək edə bilməyəcək. 18 yaşlı mərkəz müdafiəçisi məşqdə zədələnib".
"Zirə" ötən mövsüm Konfrans Liqasında Xorvatiyanın digər təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırıb. Xorvatiyalı jurnalistlər bununla bağlı mətbuat konfransında baş məşqçi Rəşad Sadıqova sual ünvanlayıb. Pərviz bəy həmin məqamlar barədə də fikirlərini bölüşüb:
"Mətbuat konfransında Rəşad Sadıqova ötən il qarşılaşdıqları "Osiyek"lə bağlı sual verildi. Həmkarlarımız baş məşqçidən həmin komanda ilə"Hayduk"u müqayisə etməsini istədilər. Təbii ki, Rəşad Sadıqov bu suallara diplomatik cavab verdi, hər iki komandanın kifayət qədər güclü olduğunu bildirdi. "Zirə"nin baş məşqçisi"Hayduk"u təhlükəli rəqib adlandırdı".
Musayev Xorvatiya hökumətinin "Zirə"nin təhlükəsizliyini təmin etmək üçün lazım olan her şeyi etdiyini də deyib:
"Xorvatiya tərəfi "Zirə"nin rahatlığı üçün nə lazımdırsa, edir. Yaxşı qonaqpərvərlik göstərirlər. Amma azarkeşlər tərəfindən oyun zamanı belə qonaqpərvərlik olmayacaq. Stadionun tam dolacağı bildirilir. "Hayduk"un oyunlarında daim anşlaq olur. Komanda ötən mövsüm son turlarda çempionluğu əldən verib. Ona görə də azarkeşlər avrokuboklarda uğurlu çıxış gözləyirlər. 33 min nəfərlik stadionun tam dolacağı ilə bağlı xəbərlər var. Yaxşı olacağına ümid edirik. Bakıdakı oyun bizə bu gün sərfəli nəticə qazanmağa ümid verir".