"Red Bull"un qlobal futbol əməliyyatları rəhbəri Yurgen Klopp "Komo"nun baş məşqçisi Sesk Fabreqasa zəng edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, Klopp Fabreqasın "RB Leypsiq"də baş məşqçi olmasını istəyir. Klub martın sonunda qovulan Marko Rouza daimi əvəzləyici axtarır. Fabreqas isə cəsarətli hücum fəlsəfəsi və "Komo"da əldə etdiyi nəticələr sayəsində "RB Leypsiq" rəhbərliyinin diqqətini çəkib.
37 yaşlı ispaniyalı məşqçilik karyerasına 2023-cü ildə başlayıb. Mütəxəssis "Komo" klubunun 19 yaşadək gənclərdən ibarət komandasına rəhbərlik edib. Sesk daha sonra baş məşqçi və köməkçi vəzifəsini icra edib. 2024-cü ildə Fabreqas rəsmən İtaliya klubunun başına keçib.
Qeyd edək ki, Sesk Fabreqasın komandası İtaliya çempionatında 35 oyundan 45 xal toplayaraq 10-cu pillədə qərarlaşıb. "Komo" növbəti matçında İtaliya A Seriyasında öz meydanında "Parma" ilə qarşılaşacaq.