"Mançester Yunayted" təmsilçiləri "Vulverhempton"un 25 yaşlı hücumçusu Mateus Kunya və onun agenti ilə danışıqlar aparıb.
Matc.az xəbər verir ki, bu barədə "Give me Sport" məlumat paylaşıb.
Bildirilir ki, bu danışıqlardan sonra "qırmızı şeytanlar" braziliyalı futbolçunun Ruben Amorimin komandasına keçmək istədiyinə əmin olub. "Mançester Yunayted" əmindir ki, klub gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, Kunyanın mövqeyi dəyişməyəcək. Vurğulanır ki, "qırmızı şeytanlar" 25 yaşlı forvardla müqaviləni 62,5 milyon funt-sterlinq qarşılığında vaxtından əvvəl ləğv etmək bəndindən istifadə edə bilər.
Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.