Azərbaycan milli komandasının sabiq futbolçusu Ceyhun Sultanovun matc.az saytına müsahibəsi
- Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün "Qarabağ" və "Dinamo" (Zaqreb) arasında keçiriləcək cavab oyunundan hansı nəticəni gözləyirsiniz? Azərbaycan çempionu möcüzə reallaşdırıb "Dinamo" səddini keçə bilər?
- İlk görüşdə “Qarabağ” yaxşı oynadı, “Dinamo” isə əlinə düşən imkanlardan lazımınca istifadə etdi. Zaqrebdə qeydə alınan hesab oyuna görə olmadı. Düşünürəm ki, “Qarabağ” səfərdə “Dinamo”dan üstün təsir bağışladı. İnanıram ki, komandamız evdə də yaxşı oyun nümayiş etdirəcək. Düzdü, mərhələni keçmək çətin olacaq, real görünmür. Amma möcüzə etmək mümkündü. “Qarabağ” bunu bacaracaq komandadı. Uğurlar arzulayıram.
- İlk oyun göstərdi ki, "Dinamo" əks-hücumlarda olduqca təhlükəlidi. "Qarabağ"ın müdafiə xətti isə bu mövsüm çox boşluqlar buraxır. Rəqib Zaqrebdə olduğu kimi, yenə bizi əks-hücumlarla cəzalandıra bilər?
- “Dinamo” Zaqrebdəki matçdan da ehtiyatlı oynayacaq. Daha kompakt müdafiə olunaraq, əks-hücumlarda “Qarabağ”ı yaxalamağa çalışacaqlar. İlk görüşdə qeydə alınan hesab vəziyyətin bizim üçün yaxşı olmadığını göstərir. Amma Zaqrebdəki oyuna baxan hər kəs gördü ki, “Qarabağ” dominant futbol oynayırdı, “Dinamo” isə əks-hücumlara ümid bəsləyirdi. Xorvatlar Bakıda daha qapalı oynayacaqlar.
- "Qarabağ"ın heyətində bu gün kimdən və ya kimlərdən qol gözləyirsiniz?
- Ön xətt oyunçuları - Leandro Andrade, Abdullah Zubir və Olavio Juninyonun oyunu yaxşı alınsa, onlar qol imkanlarından istifadə edə bilsələr, “Qarabağ” Bakıda “Dinamo”ya 3 qol vura bilər. “Qarabağ”ın hücum potensialı bu trionun hansı vəziyyətdə olmasından asılıdı. İnanıram ki, bu gün üçünün də əhval-ruhiyyəsi yaxşı olacaq, istədiklərini meydanda edə biləcəklər. Hər üçündən qol gözləyirəm.
- Son olaraq "Zirə" haqda fikrinizi bilmək istərdik. Aydın məsələdi ki, ilk oyunda 0:6 hesabı ilə uduzan təmsilçimizin "Omoniya" səddini keçməsi real deyil. "Zirə" bu komandadan heç olmasa məğlubiyyətin əvəzini çıxa bilərmi?
- “Zirə” əvvəlki rəqiblərlə oyunda sərgilədiyi futbolu “Omoniya”ya qarşı göstərə bilmədi. Buna görə də səfərdə böyük hesabla məğlub oldular. “Omoniya”nın “Zirə”nin əvvəlki rəqiblərindən qat-qat üstün olduğunu deməzdim. Sadəcə, bir qədər keyfiyyətdə və sürətdə üstələyirdilər. Əfsuslar olsun ki, “Zirə” həmin gün ən zəif oyununu keçirdi. Deyərdim ki, komandamızın oyunu alınmadı. Əlbəttə, Bakıdakı cavab matçında “Zirə”dən yaxşı oyun gözləyirəm. “Zirə” doğma azarkeşlər önündə “Omoniya”nı məğlub edə bilər.