“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayevin matc.az saytına müsahibəsi
- Ölkə çempionatının 4-cü turunda “Neftçi”ni məğlub etməyə yaxın olsanız da, qələbəni son anda əldən buraxdınız...
- “Neftçi” ilə matçda qeydə alınan nəticə bizim üçün üzücü oldu. Çünki qələbəyə köklənmişdik və komanda olaraq buna çox inanırdıq. Oyun baxımından üstün tərəf biz idik. Amma qədər elə gətirdi ki, son anda anlaşılmazlıqdan qapımızda qol gördük.
- “Neftçi”nin bərabərlik qolundan sonra rəqibin “feyr-pley”ə əmək etmədiyini əsas gətirərək, komanda olaraq etirazını bildirdiniz. Sizcə, Kristian Avramın o epizodda topu meydandan çıxarmasına gərək var idi?
- Bəlkə də, belə hal Avramın da karyerasında ilk idi. Oyundan sonra ən çox üzülənlərdən biri elə özü idi. Çox pis olmuşdu. O anda başqa cür də edə bilərdi. Ən azından, topu daha da uzağa ata bilərdi. Amma olan oldu. Artıq bu matçı unudub növbəti görüşə köklənmək lazımdı. Avram da belə olmasını istəməzdi. Futbolda bu cür hallar da yaşanır. Həmin anda hər birimiz əsəbiləşdik, aqressiv, emosional davrandıq. Amma bir gün sonra sakit başla epizodu daha yaxşı analiz etdik. Məncə, topu kənara çıxartmasaydı, daha yaxşı olardı. Amma çıxardıbsa, “Neftçi”yə yaraşan “feyr-pley” qaydalarına əmək edərək topu bizə qaytarmaq idi. Eləmədilərsə, bu, artıq onların əməlinə qalan bir şeydi. Mən onu sorğulamaq istəmirəm.
- Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
- Hər birimiz “Sumqayıt”ı yaxşı tanıyırıq. Təhlükəli rəqibdi. “Sumqayıt” güclü, çempionata rəng qatan komandadı. Bizi ağır səfər oyunu gözləyir. Buna baxmayaraq, hədəfimiz 3 xaldı. Allahın izni ilə qələbə qazanmağa çalışacağıq. Qismətimizdə nə varsa, o da olacaq.
- Bu mövsüm keçirdiyi 3 oyundan sonra “Araz-Naxçıvan”ın 4 xalı var. Bu nəticə səni tam qane edir?
- Bəli, 3 oyundan sonra 4 xal toplamışıq. Pis nəticə deyil. Amma düşünəndə ki, “Neftçi” ilə matçda qələbə son 30 saniyədə əlimizdən çıxdı, adam pis olur. Çünki 3 oyundan sonra hesabımızda 6 xal da ola bilərdi. Artıq bunu unudub növbəti matçlara köklənməliyik.