Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ"ı doğma meydanda "Turan Tovuz"a məğlub olub - 0:1.
Matc.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib və jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün çox vacib oyun oldu. Qarşımızda çox yaxşı, kollektiv müdafiə olunan, vuruşan komanda var idi. Kurban Berdıyev müdafiəni qurmaqda tanınmış mütəxəssislərdən biridi və əks hücumlarda çox keyfiyyətli hücumları olur. Bunları bilirdik, amma komandanı yaxşı tanımırdıq. Fikrimiz daha çox Avropa liqasında idi. Rəqibi haqq etdikləri qələbəyə görə təbrik edirəm. Tovuz azarkeşlərini də təbrik edirəm. Çempionat boyu yaxşı rəqibimiz olacaq. Öz azarkeşlərimizə də təşəkkür edirəm, sona kimi bizimlə oldular.
- Birinci penaltidən əvvə hansısa epizoda çox ciddi etiraz etdiz...
- Çox cüzi oyundan kənar vəziyyət vardı həmin epizodda. Mənim gördüyümə görə yox idi. Sonda hakimlə razılaşdım.
- Zaqrebdəki oyunun bu günə təsiri oldu?
- Ümumiyyətlə, bu oyunların hər birinin təsiri var. Tək Zaqrebdə oynadığımız yox, Avropadakı bütün oyunlarımızı burdakı matçlara təsiri var. Çünki həm fərqli heyətlə oynayırıq, həm də bəzi rotasiyalar edirik. Bu müddətdə həmişə məşqlərdən gileylənmişəm. 3-4 gündən bir fərqli heyət oynayanda hamısı bir yerdə məşq edə bilmirlər. Məşqin dinamikası, keyfiyyəti pozulur. Əvvəlki oyunlarda hiss olunmadısa, bu komandaya qarşı hiss olundu. Belə məğlubiyyətlərin mənə və komandaya faydası daha çox olur, nəyin ki, əksi. Bunun tez olması işimizə daha da məsuliyyətli, daha da düzgün yanaşmağımıza faydası olacaq.