Ukraynanın “Krivbass” klubu UEFA-dan Konfrans Liqasında İspaniyanın “Betis” klubu ilə keçirəcəkləri oyunun hakimini dəyişdirilməsini tələb edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.
Söhbət Arda Kardeşlərin rəhbərlik etdiyi türkiyəli hakimlər briqadasından gedir. Bundan əvvəl o, 2024-cü ilin martında Moskvada Rusiya və Serbiya yığmaları arasında keçirilən oyunu idarə edib.
“Biz Kardeşlerin Ukrayna klubunun iştirakı ilə keçirilən oyunun idarəçiliyinə cəlb edilməsini yolverilməz hesab edirik. “Krivbass” hazırkı vəziyyətlə bağlı Ukrayna Futbol Federasiyasını da məlumatlandırıb. İnanırıq ki, sağlam düşüncə qalib gələcək”, - klubun rəsmi açıqlamasında deyilir.
Qeyd edək ki, İspaniyanın “Betis” klubu ilə Ukrayna klubu arasında ilk təsnifat oyunu avqustun 22-də, cavab qarşılaşması isə həmin ayın 29-da keçiriləcək.