“Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyevin matc.az saytına müsahibəsi

- "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyununda "Ludoqorets"i səfərdə 7:2 hesabı ilə üstələyərək, mərhələ adlayacağını gözləyirdiniz?

- “Qarabağ”ın səfərdə qalib gələcəyinə inanırdım, pley-off mərhələsinə adlayacağını gözləyirdim. Amma bu hesabın olacağını düşünmürdüm. Çünki rəqib Bakıda çox inamlı təsir bağışlamışdı və buradan qələbə ilə qayıtmışdı. “Qarabağ” avrokuboklarda adətən səfərdə daha yaxşı oyun göstərir. Dəfələrlə bunun şahidi olmuşuq. Ötən mövsüm “Braqa” ilə oyunda da bu hal yaşanmışdı. Buna əsaslanaraq, fikirləşirdim ki, “Qarabağ” Bolqarıstanda qələbə qazanacaq. Elə də oldu. Amma yenə deyirəm, 7:2 hesabını gözləmirdim.

- “Qarabağ”ın sabiq hücumçusu olaraq, komandanın hazırkı bombardiri Olavio Juninyonun çıxışı haqda nə deyə bilərsiniz? Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində 4 oyunda 6 qol vuran Juninyo inamlı performansını növbəti matçlarda da davam etdirə biləcək?

- Həqiqətən, çox yaxşı formadadı. Əla sürəti var və Juninyo bunun xeyrini görür. Eyni zamanda, soyuqqanlıdı. Hücumçu üçün vacib olan keyfiyyətlər onda var. Bu mövsüm daha çox qol vuracağına inanıram. “Qarabağ”ın bir çox ulduz futbolçusu olub ki, yeni gələndə yaxşı formada olmayıblar və mətbuat, mütəxəssislər tərəfindən tənqid ediliblər, amma zamanla öz oyunlarını tapıblar. Juninyoda da eyni halı müşahidə etdik. O da yeni gələndə yaxşı formada deyildi. Amma bilirik ki, Qurban Qurbanovun rəhbərliyi altında bir çox oyunçu sonradan “Qarabağ”ın ən vacib üzvünə çevrilib. Juninyo da hazırda komandasının ən önəmli fiqurlarındandı.

- “Qarabağ" tarixində 3-cü dəfə ÇL-in pley-off mərhələsində mübarizə aparacaq. Sizcə, növbəti rəqib Zaqreb "Dinamo"sunu mübarizədən kənarlaşdırmaq mümkün olacaqmı?

- “Qarabağ”a inanıram. Məlum məsələdi ki, pley-offda daha güclü klubla üz-üzə gəlirsən. “Dinamo” da zəngin avrokubok təcrübəsi olan klubdu. Bununla belə, bu cütün qalibinin “Qarabağ” olacağını və komandamızın tarixində ikinci dəfə Çempionlar Liqasının qrupunda çıxış edəcəyini düşünürəm.

- “Qarabağ"ın yeni qapıçısı Fabian Buntiçin oyunu haqda fikirlər birmənalı deyil. Onu güclü qolkiper hesab etməyənlər daha çoxdu. Siz bu barədə hansı fikirdəsiniz?

- Buntiçi zəif qapıçı hesab etmirəm. Yəqin ki, ondan narazılıq səfərdəki oyunda penaltiyə səbəb olması ilə əlaqədardı. Amma bir səhvə görə futbolçunu günahlandırmaq olmaz. Buntiç Bakıdakı matçda əla seyvlərlə yadda qaldı. İlk görüşdə hesab arasındakı fərqin artmasına imkan vermədi və sonda “Qarabağ”ın mərhələ keçməyində böyük rol oynadı. “Qarabağ”a gəlibsə və Qurban müəllim ona əsas heyətdə yer verirsə, güvənirsə, deməli, yaxşı qapıçıdı. Komandaya yeni gəldiyi üçün uyğunlaşma baxımından müəyyən problem yaşaya bilər. Bu da zamanla, daha çox oyun keçirdikcə aradan qalxacaq və qarşıdakı oyunlarda daha inamlı Buntiç görəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest