“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin matc.az saytına müsahibəsi
- Ölkə çempionatının ikinci turunda “Sumqayıt” üzərində vacib qələbə (1:0) qazandınız. Oyunu necə dəyərləndirərdiniz?
- Çox yaxşı rəqiblə qarşılaşırdıq. Çətin oyun oldu. Yaxşı mübarizə apardıq və istəyimizə çatdıq. Vacib qələbə qazandıq. Bu qələbə komandamızın növbəti oyunlarına müsbət təsir edəcək.
- Birinci və ikinci hissələrdə fərqli oyun göstərdiniz. Bu, sırf baş məşqçinin tələbi idi?
- Baş məşqçimiz Kurban Berdıyev bizə tapşırmışdı ki, ilk dəqiqələrdən rəqibə göz açmağa imkan verməməliyik. Onun tələblərini ilk hissədə maksimum yerinə yetirməyə çalışdıq. İkinci hissədə həm yorğunluq oldu, həm də hesabda geridə olan komanda daha çox hücum etməyə çalışır. Əslində, ilk yarıdakı oyunumuzu fasilədən sonra da davam etdirmək istəyirdik. Amma dediyim amillər buna mane oldu. Rəqib yeni mövsümün hazırlığına bizdən öncə başlayıb, Konfrans Liqasında oyunlar keçirib. Düşünürəm ki, “Sumqayıt” bizimlə müqayisədə yeni mövsümə daha hazır idi. Rəqib məğlub olmaq istəmirdi. Bununla belə, düzgün müdafiə olunduq və qol buraxmadan qələbə qazana bildik.
- İki turdan sonra aktivinizdə 4 xal var. Bu nəticə sizi tam qane edir?
- Çempionatın ilk turları həmişə çətin keçir. Çünki komandalar heyətdəki dəyişikliklərlə əlaqədar, bir-birlərini yaxşı tanımırlar. Təxminən 3 turdan sonra artıq hamı bir-birini daha yaxından tanımağa, zəif və üstün cəhətlərini bilməyə başlayır. Şükürlər olsun ki, iki oyunda ümumilikdə 4 xal qazana bilmişik. Çalışırıq ki, hər matçdan xal və ya xallarla ayrılaq.
- Növbəti turda sizi Qərb derbisi gözləyir. “Kəpəz”lə matçda 3 xal qazanmaq mümkün olacaq?
- Çempionatda bu komandaların hansı pillədə qərarlaşmasından asılı olmayaraq, Qərb derbisi həmişə maraqlı və çətin keçir. Həm “Turan Tovuz”, həm də “Kəpəz” bu görüşə ciddi hazırlaşırlar. Düzdü, rəqib bu mövsüm keçirdiyi hər iki oyunda məğlub olub. Buna baxmayaraq, yaxşı futbol sərgiləyirlər. Çətin oyun olacaq. Əlimizdən gələni edərək uğurlu nəticə ilə azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- “Turan Tovuz”un bu mövsüm avrokuboklara vəsiqə qazanmaq şansı nə qədərdi?
- Fikrimcə, bu barədə danışmaq üçün hələ tezdi. Biz hər oyuna xallar qazanmaq üçün çıxırıq. Məşqlərdə və oyunlarda əlimizdən gələni edirik. Allah nəsib edərsə, avrokuboklara vəsiqə qazanarıq.