Bu gün Polşanın Lyublin şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin “Dinamo” (Kiyev) – “Reyncers” oyunu keçiriləcək.
Matc.az xəbər verir ki, oyundan əvvəl diqqət mərkəzinə düşnən futbolçular və ya məşqçilər deyil, görüşün hakimləri olub.
Daha doğrusu, VAR-da işləməli olan hakimlər, yəni Bartoş Frankovski və Tomaş Müşal. Lakin böyük ehtimalla onlar görüşdə iştirak etməyəcəklər.
Belə ki, hakimlər gecə saat iki radələrində Lyublin polisi tərəfindən saxlanılıb. Səbəb olduqca qeyri-adidir. Polis patrulu hakimləri sərxoş halda, əllərində yol nişanı ilə görüb və saxlayıb.
VAR hakimi kimi fəaliyyət göstərməli olan Frankovskinin qanında təqribən 1,7 promil, köməkçisi Müşalda isə 1,8 promil spirt olduğu müəyyən edilib. İndi hər iki hakim ayıltma məntəqəsindədir və yaxın vaxtlarda polis onları yol infrastrukturuna ziyan vurmaqda ittiham edəcək.
Qeyd edək ki, onlar artıq UEFA-nın saytında VAR hakimləri kimi qeyd edilməyib və əvəzedici artıq müəyyən edilib.