“Zirə” ilə ilk oyunu izlədim, uduzduğumuz üçün məyus oldum”. Matc.az xəbər verir ki, bunu “Şerif”in yarımmüdafiəçisi Qideon Qudlad klubun rəsmi saytına açıqlamasında deyib.
Moldova klubuna yeni transfer olunan nigeriyalı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində sabah “Zirə” ilə keçiriləcək cavab görüşü barədə fikirlərini bildirib.
19 yaşlı hücumameyilli oyunçu evdə 0:1 hesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasına nikbin yanaşır: “Bu haqda çox danışdıq, məğlubiyyətin səbəblərini araşdırdıq. Şəxsən mən inanıram ki, Azərbaycanda qalib gələcəyik. Orada uğurlu nəticə əldə edəcəyimizə inanıram”.
Qideon Qudlad evdəki məğlubiyyəti heyətin dəyişməsi ilə əlaqələndirib: “Heyətimizdə çox sayda yeni gələnlər var. Bizdə indi komanda işi çatışmır. Futbolda qarşılıqlı anlaşma ən vacib keyfiyyətlərdən biridi. Cavab oyunu barədə müsbət düşünürük. Motivasiyalı olmalı və məşqlərdə çox çalışmalıyıq. Cavab görüşünə az vaxt qalıb. Bakıdakı matçda hücumda daha aqressiv olmaq, tez-tez zərbə endirmək və cərimə meydançasında təhlükə yaratmaq istəyirəm”.
Qeyd edək ki, sabah “Liv Bona Dea Arena”da keçiriləcək “Zirə” – “Şerif” qarşılaşması saat 20:00-da başlayacaq.