“İlk dəfə B Liqasında iştirak etməyimizə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici hal oldu”. Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaları ilə bağlı AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Çalışdırıcı həmin mərhələdə güclü komandalardan biri ilə qarşılaşacaqlarını bildirib: “Son il yarım ərzində komandada yer alan bütün futbolçuları təbrik edirəm. Bu, onların zəhmətinin nəticəsidir. Pley-off mərhələsində zəif rəqib olmur. Ən yüksək reytinqə malik 6 kollektivdən birinə rəqib olacağıq. Yəni güclü komandalardan biri ilə qarşılaşacağıq. Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm. Milli komandamız B Liqasına yüksəlməklə bir dəfə tarix yazmışdı. Pley-offda da uğurlu çıxış edərək, daha bir tarix yazmaq arzusundayıq”.

Baş məşqçi qrup mərhələsinin son turunda Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı da dəyərləndirib: “Bakıda Macarıstana böyükhesablı məğlubiyyət istər-istəməz komandaya təsir etdi. Belə nəticədən sonra komandanı İsveçrə ilə səfər görüşünə kökləmək çətin idi. İsveçrə bu vaxta qədər həmişə A Liqasında mübarizə aparan komanda olub. Buna baxmayaraq, səfərə xal qazanmaq məqsədi ilə yollanmışdıq. Qızlar əllərindən gələni etdilər. Ancaq rəqibin yüksək keyfiyyətə malik olması bizi səhvlərə vadar etdi və belədə məğlubiyyət qaçılmaz oldu”.

Qeyd edək ki, iyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan millisinin potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Ukrayna, Şimali İrlandiya və Serbiya yığmalarıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest