Moldova yığmasının sabiq müdafiəçisi, 4 il “Bakı” klubunda oynamış Aleksey Savinovun matc.az saytına müsahibəsi.

- Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Zirə” səfərdə “Şerif”ə 1:0 hesabı ilə qalib gəldi. Oyunla bağlı nə deyə bilərsiniz? Bu nəticəni gözləyirdiniz?

- Məntiqli yanaşma bunu düşünməyə əsas verirdi ki, “Zirə” nəticəyə hesablanmış, ehtiyatlı oyun nümayiş etdirəcək. Komandanız çox mütəşəkkil və soyuqqanlı təsir bağışladı. Görünürdü ki, “Zirə”nin futbolçuları meydanda nə etməli olduqlarını yaxşı bilirlər. “Şerif”dən isə daha aqressiv oyun gözləyirdim. Əfsuslar olsun ki, “Şerif”in oyunçularının hansı epizodda nə edəcəklərini öncədən təxmin etmək olurdu. Bu səbəbdən “Zirə”nin müdafiəçiləri işlərinin öhdəsindən problemsiz gəldilər. “Zirə”yə “əhsən” deyirəm. Komanda əlinə düşən qol imkanından maksimum faydalandı və cavab matçından əvvəl həm qol, həm də psixoloji cəhətdən üstünlük əldə etdi.

- İkinci hissənin ilk 15 dəqiqəsində “Şerif” təzyiqi artırmış və ərazi üstünlüyünə yiyələnmişdi. Məhz həmin dəqiqələrdə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov çevik tərpənərək, birdən-birə 3 əvəzetməyə əl atdı və rəqibin təzyiqini azaltmağa, hesabın açılmamasına nail oldu...

- Çox güman ki, “Şerif”in baş məşqçisi fasilədə futbolçularla ciddi söhbət etdi və ikinci hissənin əvvəlində komandanın oyununda canlanma gördük. Amma bu, epizodik oldu. Komandanın koordinasiyasının yaxşı olmadığı və xaotik oyun nümayiş etdirdiyi göründü. Təbii ki, məşqçinin problemi vaxtında görməsi və əvəzetmələrin hesabına oyuna müdaxilələr edə bilməsi vacibdi. Rəşad Sadıqov da bunu etdi.

- “Zirə”nin heyətində hansı futbolçuların oyununu bəyəndiniz?

- Kimisə ayırmaq mənim üçün çətindi. “Zirə”nin komanda şəklində yaxşı təsir bağışladığını vurğulamaq istəyirəm. Komanda oyunu olanda sən 1-2 futbolçudan asılı olmursan.

- “Şerif”in yayda heyətinə qatdığı yeni futbolçulardan biri “Qəbələ”dən yaxşı tanıdığımız Əyyub Allaşdı. Sizcə, Allaş bu görüşdə özünü yaxşı tərəfdən göstərə bildi?

- İstənilən futbolçunun yeni komandasında dərhal özünü göstərməsi çətindi. Hazırda “Şerif”in 10-dan çox yeni oyunçusu var. Əyyub da daxil olmaqla, onlara tam uyğunlaşmaları üçün vaxt lazımdı.

- Cavab görüşündən hansı nəticəni gözləyirsiniz?

- Əminəm ki, Bakıdakı oyun daha sərt və gərgin keçəcək. “Şerif” mərhələ adlamaq istəyirsə, ilk dəqiqədən hücuma atılmalıdı. Mənə görə, indiki məqamda da komandaların növbəti mərhələyə keçmək şansları bərabərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest