“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Premyer Liqanın 36-cı turunda “Kəpəz” üzərində minimal qələbədən sonra mətbuat konfransı keçirib.

Matc.az xəbər veri ki, Tovuz təmsilçinin İdarə Heyətinin sədri oyunla bağlı fikirlərini bölüşüb və bir çox suallara aydınlıq gətirib.

- Son illərdə belə maraqlı mövsümün keçməyini xatırlamıram. Biz bu hala sevinik, gələn il bundan daha maraqlı, daha iddialı Premyer Liqa bizi gözləyir.

- Gələn mövsüm hansı hədəfləriniz var?

- Hədəfimiz avrokuboklara oynamaqdır. Azarkeşlərimiz çoxdandır gözləyir. Çox çətin hədəfdir, çünki infrastrukturu düzəldə-düzəldə avrokuboklara oynamaq çox çətindir. Bəlli bir yol almışıq, ən azından avrokuboklara oynamalıyıq.

- Yeni baza infrastrukturunuzda işlər nə yerdədir?

- Hələ layihələndirmə işlərimiz gedir. Stadionun ərazisindəki işıq dirəkləri və akademiya binasına dair bütün prosedurları keçə bildik. Ot örtüyünün dəyişdirilməsi üçün də müraciətimiz olub. Təkbaşına bizim edə biləcəyimiz mövzu deyil. AFFA ilə danışıqlarımız gedir. Başa düşürük, hər şeyi AFFA-nın üzərinə atmaq olmaz, onların da bəlli büdcəsi var. Amma biz də Azərbaycanın futbolunun inkişafı üçün düşünürük ki, təbii ot örtüklü meydançalarda oynamaq lazımdır.

- Büdcəsi 10-15 milyon olan klublar avrokuboklara düşə bilmədi. Bu baş məşqçiyə təzyiq olmaz?

- Bu futboldur, futbolda təzyiqnən böyüyürsən. Bizim belə oyunlara hazır olmağımız lazımdır. Həm azarkeş, həm klub rəhbərliyi, həm də idarəçilər olaraq buna hazır olmalıyıq. Bu il az da olsa bunu hiss etdik, amma daha da artırılmasını və stressli oyunların keçirilməsini istəyirik.

- Büdcə artımı olacaq?

- Planımızda var, amma böyük artımdan söhbət getmir. Premyer Liqada qalmaq üçün klub ilə infrastrukturun xərclərini balanslaşdırmalıyıq. Bu bizim 3-5 il vaxtımızı alacağını düşünürəm.

- Son iki mövsümdə Ayxan Abbasovun işini necə dəyərləndirirsiz?

- Qarşısına qoyulan hədəfləri layiqincə yerinə yetirdi. Təbii ki, hər kəs kimi onun da bəzi səhvləri və nöqsanları oldu. Ümumi olaraq müsbət qiymətləndiririk. Gələn mövsümün planlamasını da yaxın günlərdə məşqçimizlə oturub müzakirə edərək, strategiyalarımızı ona görə müəyyən edəcəyik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest