“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun matc.az saytına müsahibəsi

- Niderland səfəri çərçivəsində 3 klubun düşərgəsində oldunuz. Oradan hansı təəssüratla qayıtmısınız?

- Səfər yaxşı keçdi. Klubların idarəetməsi, akademiyaları və əsas komandaları ilə bağlı fikir mübadiləsi apardıq. Hər bir sualımıza cavab aldıq. Ümumilikdə, səfərdən razı qaldıq.

- PSV, “Feyenoord” və “Utrext” klublarında gördüklərinizdən ən çox nə diqqətinizi çəkdi?

- Mən 9 il öncə də Niderlandda səfərdə olmuşdum. Onda “Ayaks”ın düşərgəsinə də baş çəkmişdik. Niderland klublarında geridəqalan 9-10 il ərzində hansı dəyişikliklərin baş verdiyini bilmək istəyirdim. Bu sualı düşərgəsində olduğumuz hər 3 klubun nümayəndələrinə, məşqçilərinə verdim. Çox şey dəyişib. İlk növbədə, təlim-məşq bazalarında 10 il əvvəllə müqayisədə böyük inkişaf var, meydançaların, işçilərin sayı xeyli artıb. Məşqçilər özləri də qeyd etdilər ki, biz bu müddətdə dayanmamışıq, daim inkişaf etmişik.

- Aydın məsələdi ki, futbolda Niderlanda çatmağımıza hələ çox var…

- Biz bu gün özümüzü Niderlandla müqayisə edə bilmərik. Çünki onlar neçə illərdi ki, bunun üzərində işləyirlər. Bizim üçün ilk növbədə futbola baxışları maraqlı idi. Niderland komandaları daha çox öz yetirmələrini oynatmağa can atırlar. PSV-də akademiyadakı uşaqların 30 faizi əsas komandaya düşə bilirsə, bunu qənaətbəxş saymırlar, deyirlər ki, azdı. Hələ nəzərə alaq ki, akademiyalarından çıxan uşaqların 40 faizi də başqa klublara keçir.

- “Feyenoord” və “Utrext”də bu baxımdan vəziyyət necədi?

- Bugünkü gündə “Feyenoord”un əsas heyətinin 50 faizi öz yetirməsidi. Onlar da bildirdilər ki, ilk növbədə bunun üzərində işləyirlər. Əsas komandaya daha çox oyunçu vermək ilk missiyalarıdı. PSV və “Feyenoord”a baxanda “Utrext” büdcə baxımından bir az geri qalır. Buna görə də, “Utrext”in əsas məqsədi oyunçu yetişdirib onu böyük klublara satmaqdı. Onların akademiyaya yanaşmaları da çox xoşuma gəldi. Aşağı yaş qruplarının nəticələrindən çox, akademiyada uşaqların individual keyfiyyətlərini artırmağa fikir verirlər və bunu mükəmməl səviyyədə edirlər. Klubda hər kəs eyni cür çalışır. Hədəfləri gənc, perspektivli futbolçuları avrokuboklarda tanıtdırıb onları böyük klublara satmaqdı. “Utrext”in baş məşqçisi ilə yaxşı söhbətimiz oldu. Komandanı hazırlaması, məşq prosesləri və digər məsələlər haqda dialoq qurduq. Belə görüşlər klub üçün vacibdi. Bu cür səfərlər “Turan Tovuz”a böyük təkan verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest