23 Aprel 2024, 10:08
FUTBOL
Gürcüstan 2028-ci ildə Çempionlar Liqasının (ÇL) finalına ev sahibliyi etmək istəyir. Matc.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlayıb.
O, bunun üçün paytaxt Tbilisidə yeni stadion tikiləcəyini bildirib: “Futbol və reqbiyə aid olan mühüm meqalayihəni elan etmək istərdik. Tbilisidə bu iki idman növünə xidmət edəcək yeni stadion tikmək fikrindəyik. Stadion 70 min tamaşaçı tutumuna malik olacaq və ən yüksək beynəlxalq standartlara cavab verəcək. Bu da bizə Çempionlar Liqasının finalı da daxil olmaqla, paytaxtımızda ən yüksək səviyyəli oyunları keçirmək imkanı verəcək”.
Baş nazir 2028-ci ildəki ÇL finalı üçün UEFA-ya rəsmi müraciət edəcəklərini söyləyib. Onun sözlərinə görə, arena ingilis modeli üzrə, yəni qaçış zolağı olmadan layihələndiriləcək. Bu da tamaşaçıların meydana daha yaxın olmasına şərait yaradacaq.
Arena 2028-ci ilin sonuna kimi Tbilisinin kənarında istifadəyə verilməsi planlaşdırılan yeni beynəlxalq hava limanına bitişik ərazidə tikiləcək.