Azərbaycan millisinin sabiq hücumçusu Samir Musayevin matc.az saytına müsahibəsi

- Son turda “Qarabağ”ın “Sabah”a məğlubiyyətini necə qarşıladınız? Sizcə, nəticə oyuna görə oldu?

- Normal, maraqlı oyun keçdi. “Sabah” yaxşı təsir bağışladı. Əslində, çempionatda belə oyunların sayı çox olmalıdı. Bütün görüşlər belə mübarizə şəraitində keçsə, həm çempionata maraq daha da artar, həm də bu, yığma komandaya da yaxşı təsir edər.

- Sizcə, indiki vəziyyətdə Avropa Liqası və Konfrans Liqasına hansı komandaların vəsiqə qazanmaq şansı daha çoxdu?

- Belə baxanda ikinci yerdən 5-ci yerə qədər bütün komandaların xalları bir-birinə yaxındı. Buna görə də hələ konkret fikir səsləndirmək olmur. Yəqin ki, Avropa Liqası və Konfrans Liqasına gedəcək komandaların adları mövsümün sonuna 1-2 tur qalmış məlum olacaq.

- “Sumqayıt” bu mövsüm keçirdiyi 4 oyunun heç birində “Zirə”yə qalib gələ və qol vura bilmədi. Bunun səbəbini nədə görürsünüz?

- “Sumqayıt”ın qol vura və qalib gələ bilməməsinin səbəbini komandanın baş məşqçisi daha yaxşı bilər. Çünki o, komandanı hazırlayır. Kənardan baxan biri olaraq deyə bilərəm ki, “Zirə” rəqibi yaxşı analiz edir və öz oyununu diktə edə bilir.

- “Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyini necə qarşıladınız? Elmar Baxşıyevdən yeni iş yerində gözləntiləriniz nədi?

- Ümumiyyətlə, bütün komandalarda baş məşqçinin uğur qazanması əlində olan materialdan asılıdı. Əgər Elmara futbolçu gətirmək imkanı yaratsalar, onda “Araz-Naxçıvan” gələn mövsüm yaxşı çıxış edə bilər. Hər şey komandaya cəlb elədiyin futbolçulardan asılıdı. Elmar müəllimə yeni iş yerində uğur arzulayıram.

- “Qəbələ” Kaxaber Sxadadzeni baş məşqçi postuna gətirsə də, yenə də məğlubiyyətləri sıralayır. “Qəbələ”nin Premyer Liqanı tərk etməsi Azərbaycan futbolunun ziyanına olmayacaq?

- Düzünü desək, çempionatın ziyanına olacaq. Amma Premyer Liqanın reqlamenti, qayda-qanunu var. İndi hamımız çempionatda komandaların sayının artırılmasını istəyirik. Ancaq nəzərə almaq lazımdı ki, iştirakçı sayı artırılanda gərək komandanın maliyyə problemi olmasın. İnşallah ki, çempionatın xeyrinə bir qərar verilər. O ki qaldı Kaxaber Sxadadzenin “Qəbələ”yə gəlişinə, onun komandanı daha yaxşı yerlərə gətirəcəyinə inanıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest