"Futbol klublarımızın sosial mediada aktiv olması bəyəniləndir. Xüsusilə də, II Liqanın yaradılması və komandaların sayının artırılması ilə söz atmaların, deyişmələrin şahidi oluruq. Bu, yaxşı haldır. Məncə, I və II Liqa təmsilçilərinin belə paylaşımlarını dəstəkləmək lazımdır. Çünki aşağı liqalarda çıxış edən klubların sosial mediada aktiv olmaq cəhdləri, həvəsləri alqışa layiqdir".
 
Bu sözləri "Eleven Kings" startapının qurucusu Orxan Rzayev deyib. Matc.az xəbər verir ki, o, öncə Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi"nin qonağı olan "Araz Naxçıvan"ın oyundan sonra rəsmi sosial şəbəkə hesablarında etdiyi paylaşımdan söz açıb:
 
"Araz-Naxçıvan"ın paylaşımında qəbahət görmürəm. Orxan Əliyev, həqiqətən, "Neftçi"yə qarşı hər iki oyunda fərqlilik nümayiş etdirdi".
 
Rzayev, XIII turun "Neftçi" - "Sumqayıt" (1:2) qarşılaşmasından öncə "ağ-qaralar"ın böyük əks-səda doğuran videoçarxından da söz açıb:
 
"Neftçi"nin "Sumqayıt"la oyunöncəsi hazırladığı videonu bəyənmədim. Ümumiyyətlə, mənim məsələyə yanaşmam belədir: sosial mediada mümkün qədər aktiv olmaq və fərqli kontentlər hazırlamaq lazımdır. Bu, müəyyən çərçivədə olmalıdır. Təkcə futbolda yox, istənilən kateqoriyada hansısa şirkət və ya şəxs sosial media paylaşımlarına çərçivə qoymalıdır. Beldən aşağı zarafatlar və ya kimisə təhqir edəcək söz atmalar heç də müsbət bir şey deyil. Belə paylaşımlar yolverilməzdir.
 
Kimsə nümunə çəkə bilər ki, Argentinada və ya Avropada hansısa klublar daha betərini edirlər. Bəli, ola bilər. Birincisi, bu, onların doğru addım atdıqları qənaətinə gəlmir. İkincisi, biz Argentina və ya Avropa deyilik, Azərbaycanıq. Özümüzə xas dəyərlərimiz, ənənələrimiz var. İstənilən fəaliyyətdə bunu nəzərə almaq lazımdır. Əks halda, sabah cəmiyyətdə ciddi qıcıq, qarşıdurma yarada, hansısa pis ənənələrin başlanğıcını qoya bilər".
 
O, Premyer Liqa klublarının sosial media idarəetməsi haqda fikirlərini bölüşüb:
 
"Klublarımızın son 1 ildə sosial mediada aktivləşməsi əladır. Paylaşımlarda rəqiblərə söz atılan zaman mütləq qırmızı xətt, müəyyən dəyərlər olmalıdır ki, onlardan kənara çıxılmasın. Təəssüf ki, vaxt qıtlığı səbəbiylə bütün klublarımızın sosial media hesablarını izləyə bilmirəm. İzlədiklərim və qarşıma çıxanlar arasında "Sabah"ın adını çəkərdim. Onlar çox yaxşı sosial media idarəetməsi aparırlar. "Neftçi" də aktivdir. "Səbail" və "Qəbələ" də seçilirlər".
 
Azərbaycan II Liqasının autsayderi "Şəfa"nın da sosial media hesabı Orxan bəyin diqqətindən yayınmayıb:
 
"II Liqa təmsilçisi "Şəfa"nı da izləyirəm. Klubun rəhbərliyini də tanıyıram. Sosial media fəaliyyətləri çox yaxşıdır. Halbuki yarışda işləri yolunda getmir. Bildiyim qədərilə, maliyyə çətinlikləri də var. Buna baxmayaraq, sosial mediada çox aktivdirlər və paylaşımları yaxşıdır. Bu, nə qədər çox və davamlı olsa, bir o qədər yaxşı olar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest