"Avstriya yığması favorit hesab olunur. Təbii ki, güclü rəqibdir. Lakin Estoniyadakı qələbədən sonra yığmamızda yaxşı əhvali-ruhiyyə var və onlar bugünkü matça yaxşı hazırlaşıblar". Matc.az xəbər verir ki, bu sözləri  Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev yığmanın AVRO-2024-ün seçmə mərhələsində Bakıda Avstriyaya qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
 
34 yaşlı futbolçu bugünkü qarşılaşmada millinin ən azı bir xal qazanacağına ümid etdiyini bildirib: "Düzdür, Avstriya bu gün qalib gəlsə, final mərhələsinə vəsiqə qazanacaq. Amma rəqibin sırf Bakıya ikiqat motivasiya ilə gəldiyinə inanmıram. çünki onlar hər matça belə yanaşırlar. Rəqib vəsiqənin taleyini gələn matçda da həll edə bilər".
 
Azərbaycan millisinin ötən tur səfərdə Estoniyaya qarşı yaxşı oyun nümayiş etdirdiyini söyləyən təcrübəli yarımmüdafiəçi komandanın layiqli qələbə qazandığını vurğulayıb: "Bu qalibiyyət Avstriya ilə oyun öncəsi üçün böyük motivasiya olacaq. Açığı, futbolçularımızın həmin nəticədən sonra eyforiyaya düşdüyünə inanmıram. Hansısa böyük komandaya qalib gəlsəydik, bəlkə də bu hal baş verə bilərdi".
 
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Azərtac
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest