"Qaydalara görə, ən azı dörd azərbaycanlı oyunçu eyni vaxtda meydanda olmalıdı. Zədələri də nəzərə alsaq, bu dəfə qaydaya əməl etməyin yeganə yolu mənim kənarda qalmağım idi". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin macarıstanlı müdafiəçisi Mark Tamaş ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
O, Premyer Liqanın VI turunda "Araz-Naxçıvan"la (0:1) görüşdə ehtiyatda qalmasını limitlə əlaqələndirib. 30 yaşlı oyunçu növbəti turda "Zirə" ilə keçiriləcək qarşılaşmada çıxış etmək arzusundadı.
 
Yayda Rumıniya klubu "Sepsi"dən keçən Tamaş başqa təklifinin olduğunu da bildirib: "Neftçi"ni baş məşqçi Adrian Mutuya görə seçdim. Əvvəllər "Sepsi"nin heyətində Rumıniya çempionatında onun rəhbərlik etdiyi komandaya qarşı oynamışam. Sabiq komandam "Slask" da məni istəyirdi. Ancaq onların təklifi rəhbərliyi qane etmədi. Nəticədə ailəmlə Bakıya köçdük. "Neftçi" "Qarabağ"ın səviyyəsinə çata bilər".
 
O, avrokuboklardakı çıxışlarını da xatırlayıb: "Avrokubok oyunlarında dolu tribunalar önündə oynaya bilərik. Təəssüf ki, Konfrans Liqasından kənarlaşdırıldıq. "Jelezniçar"ı keçdikdən sonra daha yaxşı nəticə gözləyirdim. "Beşiktaş"a öz meydanımızda uduzduq, Türkiyədəki cavab matçının birinci hissəsində hesabda öndə idik. Ancaq ikinci hissədə yorğun olduq və uduzduq".
 
Tamaş Premyer Liqa klublarının müdafiə futbolu sərgilədiyini söyləyib: "Azərbaycan çempionatında bənzər gücə malik 4-5 komanda var. Əksəriyyəti qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır".
 
Qeyd edək ki, Mark Tamaş "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest