"Əminəm ki, gələn mövsüm tam başqa "Neftçi" olacaq". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev yeni forma sponsoru ilə müqavilə imzalanma mərasimində jurnalistlərə açıqlamasında deyib.
 
Klub rəhbəri əsas komandanın nəticələrinə görə, azarkeşlərin narazılıqlarına da münasibət bildirib. O, növbəti mövsümlə bağlı da iddialı danışıb: "Narazılıqlar yersiz deyil, başa düşürük. Azarkeşlər komandadan uğurlu nəticə gözəyirlər. Ambisiyalı, ciddi Müşahidə Şuramız var. Hədəflərimiz həmişə böyük olub. Amma bunu gerçəkləşdirmək üçün imkanlar məhdud idi. İnanıram ki, sponsorun, Müşahidə Şurasının dəstəyi ilə gələn mövsüm tam fərqli olacağıq. Bunun üçün əsaslar da var".
 
Funksioner baş məşqçi Laurentsiu Regekampfın komandadakı taleyinin Azərbaycan Kubokunun final oyununun nəticəsindən asılı olmadığını vurğulayıb (report).
 
O, rumıniyalı mütəxəssisə güvəndiklərini bildirib: "İnanmıram ki, ölkə kubokunun finalındakı nəticə Regekampfın buradakı taleyinə aydınlıq gətirsin. Düzdür, qərarı tək mən vermirəm. Amma Regeyə inamımız var".
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümü üçüncü pillədə başa vuran "Neftçi" ölkə kubokunun finalında iyunun 3-də "Qəbələ" ilə qarşılaşacaq. Laurentsiu Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest