Aprelin 13-də Polşanın Keltse şəhərində start götürəcək boks üzrə gənclər arasında dünya birinciliyi üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, yığmamız 11 gün davam edəcək mundialda oğlanların mübarizəsində qüvvəsini sınayacaq.
 
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komanda səfərə baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 idmançı ilə yollanıb. 
 
Medallar uğrunda Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq), Cəlal Qurbanov (60 kq), Elmir Novruzov (64 kq), Samir Nəsirov (69 kq), Cəfər Heydərli (75 kq), Murad Allahverdiyev (81 kq) və Əsəd Baxışov (91 kq) gücünü yoxlayacaq. Boksçular yarış öncəsi koronavirus testindən keçib və bütün nəticələr neqativ olub.
 
Dünya çempionatında 66 ölkədən 487 (160 qız, 327 oğlan) boksçunun iştirakı gözlənilir. Bu, 3 il öncə baş tutan analoji yarışla müqayisədə daha yüksək rəqəmdir. 66 iştirakçı ölkədən Bəhreyn, Banqladeş, Mərkəzi Afrika Respublikası, Konqo DR, İslandiya, Sent-Lüsiya, Syerre-Leone və Esvatini mundialda debüt edəcəklər.
 
Qeyd edək ki, aprelin 22-də qız idmançıların, ertəsi gün oğlan boksçuların final görüşləri təşkil olunacaq. Aprelin 21-də isə istirahət günü olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest