“Səbail” klubunda ciddi dəyişikliklər gözlənilir. Maliyyə böhranında qovrulan I Liqa klubu yeni sponsorla yanaşı yeni dərd də tapıb.
Matc.az xəbər verir ki, 3 aydan çoxdur işçilərə maaş verilməyən “dənizçilər”də artıq istefalar da başlayıb. Klub akademiyasının direktoru Mirbağır İsayev bir həftə öncə vəzifəsindən ayrılıb. Avqustun sonunda bu posta təyin olunan, lakin işlədiyi müddətdə vəd edilənlərin heç birinin reallaşmadığını görən təcrübəli mütəxəssis getməyi lazım bilib, onun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.
Futbolçular, məşqçilər, klub əməkdaşları da durumdan narazıdır. I Liqanın ən imkanlı klublarından biri olacağı vəd edilən “Səbail”də hamı qış fasiləsi yaranan kimi yeni iş yeri tapmaq niyyətindədir. Səbəb idarəçilərin səriştəsizliyi və yalan çıxan vədlərdir.
Yayda “Səbail”in əvvəlki rəhbərliyi klubu Mirzə Bayrampura satmışdı. Təxminən 400 min manatlıq alqı-satqı barədə danışılırdı. Klubun yeni rəhbərliyi onu Qubaya köçürtmək, yerli rayonun adını vermək, infrastruktur qurmaq, akademiya yaratmaq vədləri verirdi. Aylar keçib, lakin indiyədək hətta ən sadə iş olan addəyişmə prosesi reallaşmayıb.
Əvvəllər klub prezidentlərinin çəkisi olardı. Elə indi də ciddi klublarda belədir – sanballı klublara kimliyi bəlli olan, xüsusi çəkiyə malik nüfuzlu şəxslər rəhbərlik edir. “Səbail”in prezidenti postuna 28 yaşlı Mirzə Bayrampur gətiriləndə birşeylərin doğru getmədiyi görünürdü. Ciddi karyerası olmayan bu şəxs ya kiminsə görünən üzü idi, ya da “sabun operası”nda baş rol ifaçısı.
Onu futbol təsərrüfatında 2025-ci ilin sentyabrında, “Şahdağ Qusar”ın icraçı direktoru vəzifəsinə təyin edilərkən tanımışdıq. Qısa müddətdə nə baş verdisə, bu şəxs Şimal bölgəsi təmsilçisinin məşqçi heyətini, bəzi futbolçuları və əməkdaşları arxasına salıb “Səbail”ə gətirdi. İndi isə onun prezident postunun ağırlığına tab gətirmədiyi görünür.
Ötən ay I Liqanın VI turunda keçirilən “Şahdağ Qusar” – “Səbail” oyunundan sonra onun həm də intizamsız olduğu üzə çıxdı. Keçmiş klubuna 0:1 hesablı məğlubiyyəti həzm edə bilməyən Bayrampur hakimlərlə bağlı insidentə səbəbkar olmuş və AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmışdı. İndi bəlli olur ki, onun gərginliyinin səbəbi öhdəsindən gələ bilmədiyi məsuliyyət imiş. Sponsorlara Premyer Liqaya vəsiqə sözü verən, amma hazırkı liderə uduzan komandasının guya hakimlər tərəfindən sıxışdırıldığını bəhanə etmək istəyirdi. Halbuki hazırda 5-ci pillədə olan və zirvədən 9 tura 9 xal geri düşən “Səbail”in problemi öz içindədir.
Məlumata görə, “Səbail”in maliyyə problemləri həll ediləcək qədər kiçik deyil. SOCAR Bayrampur tərəfindən xərclənən təxminən 4 milyon manatın “axtarışındadır”. Bu səbəbdən hətta klub prezidentinin ölkədən çıxışına qadağa qoyulduğu da deyilir. Sözügedən şirkətin həmin vəsaiti hansı kanallarla Mirzə bəyə etibar etdiyini bilmirik, amma pulun hesabatı verilməsə, prezidenti çox pis aqibət gözləyir.
Oyunları maliyyə probemi üzündən boykot etməyə hazırlaşan məşqçi və futbolçular bir yana, “Səbail”in sifariş etdiyi 60-70 min manatlıq formalara sahib çıxmaq istəmədiyi, Boludakı yoplanışa görə səfərin təşkilatçılarının pulunu ödəmədiyi də gələn xəbərlər arasındadır. “Macara Travel”in “Səbail”i məhkəməyə verə biləcəyi iddia olunur. “Səbail”in otel, qida və geyim sahələrində də öhdəliklərini yerinə yetirmədiyi, Bakıda icarəyə götürdüyü ofisin bağlandığı dəqiqdir. AFFA-nın kluba ayırdığı aylıq 30 min manat yardımı oktyabr üçün dayandırdığı və əvvəlki ayların vəsaitinin xərclənməsi barədə hesabat istədiyi bildirilir.
P.S.: “Səbail” ətrafında baş verənlərlə bağlı klubun mövqeyini işıqlandırmağa hazırıq. Bunu indi etməməyimizzi səbəbi klubun mətbuat xidmətinin əlçatmazlığıdır – çünki sözügedən post boşdur. Ümid edirik, “Səbail”dən kimlərsə bizimlə əlaqə saxlayıb danışmağa özündə cəsarət tapacaq.
P.P.S.: Baş verənlər həm də Futbolun İnkişaf Fondunun fəaliyyətinə kölgə salır. Qurumun rəhbəri Tural Piriyevin ölkə futboluna sponsor adı ilə gətirdikəri bir-bir səriştəsiz çıxır.
(Futbolinfo)













