Gürcüstanın Batumi şəhərində 16 “Beşiktaş” azarkeşi ictimai asayişi pozduqlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı qanunsuz hərəkətlər etdiklərinə görə saxlanılıb.
Matc.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə noyabrın 26-da “Beşiktaş”ın UEFA Avropa Liqasının V turunda İsrailin “Hapoel Beer-Şeva” komandası ilə matçından (2:1) əvvəl baş verib. İstanbul təmsilçisinin azarkeşləri qarşılaşmadan öncə yürüş təşkil ediblər. Bu zaman polislə fanatlar arasında bir neçə dəfə qarşıdurma yaşanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Avropa meydanından “Batumi Arena” istiqamətində hərəkət edən azarkeşlərin bir qismi aqressiv davranış nümayiş etdirib. Onlar ictimai asayişi kobud şəkildə pozub, təhqiramiz ifadələr səsləndirib, müxtəlif əşyalar atıb, polisin qanuni tələblərinə tabe olmayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına fiziki müqavimət göstəriblər.
Qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin üç əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə əlaqədar 16 nəfər saxlanılıb.
Nazirlik xarici KİV-lərdə polisin güc tətbiq etməsinin Fələstin bayraqları və bannerlərinin nümayişi ilə bağlı olması barədə yayılan məlumatları da təkzib edib. Qurumun açıqlamasında bildirilib ki, qarşıdurma azarkeşlərin stadiona doğru yürüşü zamanı, bayraq və bannerlərin nümayişindən əvvəl başlayıb.













